2 avqust dahi bəstəkar və dirijor, Azərbaycan musiqi sənətində əvəzedilməz xidmətləri olmuş Niyazinin anım günüdür.
Azərbaycan musiqisində simfonik əsərlərin banilərindən olan Niyazi böyük bir irs qoyub. Onun yazdığı "Xosrov və Şirin" operası,"Rast" simfonik muğamı və digər möhtəşəm sənət əsərləri Azərbaycanın hüdudlarını aşaraq, dünyanın bir çox ölkəsində məşhurlaşıb, onlarla beynəlxalq mükafata layiq görülüb.
Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olub. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlayıb.
Milli musiqimizin inkişafında böyük xidmətləri olan Niyazi məktəbinin yetirmələri bu gün də böyük sənət əsərləri yaradır, ölkədə və dünyada Azərbaycan musiqi sənətini yaşadırlar.
Azərbaycan Yüksəliş Partiyası dahi musiqiçini anım günündə böyük sevgi və sayğı ilə yad edir.