18 sentyabr - böyük Üzeyir Hacıbəyovun doğum günüdür.
Üzeyir bəy sadəcə Azərbaycana deyil, dünya musiqisinə bəxş edilmiş dahi şəxsiyyətlərdən biridir. O, xalq arasında geniş yayılmış pərakəndə şəkildə oxunan muğamı Qərb musiqisi ilə birləşdirərək ömürlük etməyi bacarıb. Bu gün muğam sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına düşübsə, bunun memarı məhz Üzeyir Hacıbəyovdur.
Dahi bəstəkar həmçinin professional musiqimizin banisi, ilk operanın müəllifi, milli musiqi nəzəriyyəsinin fundamental əsaslarını hazırlayan böyük alim, görkəmli dramaturq və istedadlı publisist kimi tanınıb.
1885-ci il sentyabrın 18-də dünyaya göz açan Üzeyir Hacıbəyov Qori müəllimlər seminariyası və Peterburq Konservatoriyasında təhsil alıb. 1908-ci ildə yazdığı "Leyli və Məcnun" əsəri müsəlman Şərqinin ilk operasıdır.
"Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" musiqili komediyaları və qələmə aldığı başqa operaları uzun illər Azərbaycan səhnələrində uğurla tamaşaya qoyulub. Ü. Hacıbəyov yaradıcılığının şah əsəri isə "Koroğlu" operası sayılır.
Üzeyir bəy Azərbaycan Elmlər Akademiyasının ilk yaradıcılarından və akademiklərindən biri olub. Azərbaycanın ictimai həyatında fəal iştirak edərək dəfələrlə deputat seçilib. Baxmayaraq ki, yaradıcılığının bir qismi Sovet hakimiyyətinin ən acımasız zamanına düşüb, dahi bəstəkar milli təəssübkeşliyindən, xalqına, türklüyə xidmətlərindən vaz keçməyib.
1948-ci ilin 23 noyabrında vəfat edən Üzeyir Hacıbəyov Fəxri Xiyabanda dəfn olunub.
1995-ci ildən 18 sentyabr Azərbaycanda Milli Musiqi günü kimi qeyd edilir.
Azərbaycan Yüksəliş Partiyası böyük Üzeyir Hacıbəyovun parlaq xatirəsini həmişə əziz tutur, ruhuna və adına böyük ehtiramla sayğılarını bildirir.