Demokratiya mücahidi, Qafqazda rüşvətdən təmizlənmiş bir cəmiyyətin qurucusu, Gürcüstanın sabiq prezidenti, qondarma ittihamlarla həbs edilən Mixael Saakaşvili ölümə tərk edilib.
Rusiyanın işğalı davam etdirdiyi Ukrayna ilə dəhşətli müharibə fonunda Gürcüstanın eks-prezidenti Mixael Saakaşvilinin mütərəqqi dünyanın gözləri qarşısında diri-diri ölümə təhrik edilməsi bir daha sübut edir ki, indi postsovet məkanında demokratiya kimi ümumbəşəri dəyərlərlə avtokratiyanın, diktaturanın, cinayətkar rejim tərəfdarlarının amansız mübarizəsi gedir. Saakaşvilini saxlandığı həbsxanada yavaş-yavaş öldürmək azadlıqlara, demokratiyaya, hüququn aliliyinə, insan hüquq və azadlıqlarına inanan, ümid bəsləyən on milyonlarla azadpərvər insanı öldürmək, onların ruhuna qaranlıq çökdürmək, azad iradəsini şikəst etməkdir.
Saakaşvili kimi, böyük islahatlar nəticəsində ölkəsini kriminal idarəetmədən, kriminal ünsürlərdən xilas edib sivil, mədəni bir ölkəyə çevirən insanın həbsxanadan yayılan son görüntüləri gerçəkdən insanlıq adına böyük ləkədir.
Bu görüntülər ölkəsində demokratiya, insan hüquq və azadlıqları, hüququn aliliyi, rifah arzulayan hər bir kəsi olduğu kimi, bizi də sarsıdıb və məyus edib. Bəşəri dəyərlərə qənim kəsilən zehniyyətin azadlıq mücahidinə qarşı insanlıq tarixinin ən böyük zülmünü yaşatmasına mütərəqqi dünya bu qədər rahatlıqla susmamalıdır. Birdəfəlik anlamaq lazımdır ki, postsovet məkanında avtoritarizmin, şər imperializminin uzun və iti caynaqları yerindən qoparılmayınca, bu, təkcə bir neçə ölkə yox, bütün dünyanın demokratik, azadpərvər dövlətləri üçün təhdid olmaqda davam edəcək.
Sirr deyil ki, Mixael Saakaşvili siyasi fəaliyyətinin bütün dönəmlərində postsovet məkanında hakimiyyətləri zorakı yollarla qəsb etmiş avtoritarizmin son söykənəcəyi olan Putin rejimi ilə davamlı kəskin mübarizə apardığı üçün cəzalandırılır.
Mütərəqqi, azadpərvər dünya bir dövlət xadiminin, eks-prezidentin məhz avtoritarizmin əlində bu şəkildə öldürülməsinə daha dözməməli, təcili surətdə hərəkətə keçməlidir. Demokratiya, insan hüquq və azadlıqları kimi bəşəri prinsiplər heç bir ölkənin daxili işi hesab oluna bilməz.
Azərbaycanın siyasi palitrasında demokratiya və insan haqları uğrunda mübarizə aparan Azərbaycan Yüksəliş Partiyası da hazırda məhkəmə prosesi davam edən sabiq prezidentə qarşı qeyri-insani münasibətdən çox ciddi narahatlıq keçirir.
Mixael Saakaşvili təcili surətdə azad olunmalı, onun öz ölkəsində yaşamaq hüququ bərpa edilməli və siyasi fəaliyyət azadlığına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.
Dost gürcü xalqının və bütövlükdə Qafqaz xalqlarının kumirinə çevrilən Saakaşvilinin dərhal azad olunmasını, siyasi baxışlarına görə təqib olunmasının dayandırılmasını istərdik.