Vətən və millət hər bir Dövləti var edən təməl anlayışlardır.
Hər kəs gözəl bilir ki, biz öncə türkümüzlə, talışımızla, ləzgimizlə, tatımızla, kürdümüzlə, yəhudimizlə, lahıcımızla, lazımızla, avarımızla və s. adını çəkmədiyim etnik birləşmələrimizlə birgə bütövləşib Millət olduq və Dövlət qurduq - Azərbaycan dövlətini!
Heç şübhə yoxdur ki, biz həm Dövlətimizə, həm bu milli birliyimizə əl uzadanların əlini kəsməyi də bilirik, separatçılığın təbliğinə yönəlmiş hər cür təxribatın qarşısını da alarıq.
Vətən xaini, dövlətə qarşı cinayət törədən Ələkrəmin ölüm xəbərindən sonra sosial şəbəkələrdə gedən müzakirələrin uzanmaması və bunun zərərli bir tendesiyaya çevrilməməsi üçün müzakirələrə qatılmasam da, açığı susmağı da doğru hesab etmirəm. Çünki bir partiyanın, siyasətçinin bu mövzularda mövqe bildirməsi cəmiyyətimizdə çox vacibdir.
Dövlət bir rəsm tablosu deyil ki, baxıb, zövq alasan. Dövlət - vətəndir və ilk növbədə Şəhidin qanıdır. Azərbaycanımız - vətənimiz uğrunda, onun hər bir qarış torpağı uğrunda yüzlərlə talış millətindən olan müqəddəs şəhidimiz var. Ələkrəm məhz həm də öz millətindən olan şəhidlərə xəyanət edib. Xainin, bölücünün milləti olmur. İstər türk olsun, istər talış, istər bir başqası.
Məsələnin narahatlıq yaradan tərəfi isə budur ki, belə xainləri müxtəlif xarici güclər yaradır və sağlığında özündən, öləndən sonra isə adından istifadə edirlər.
İndi bu xaini ölümündən sonra talış xalqının "qəhrəman" övladı kimi təqdim etmək yenə Azərbaycana qarşı olan qüvəllərin işidir ki, daxili çaxnaşma yaratsınlar. Bu oyuna gəlmək çox təhlükəlidir. Ələkrəmin etdiklərinin doğru olduğunu deyən və müdafiə edən kəslər ya bilərəkdən ya bilməyərəkdən, ya başa düşərək, ya başa düşməyərək dövlətə-vətənə qarşı gəlirlər və bölücülüyə dəstək olurlar.
Sosial şəbəkələrdə yazmadan, mövqe qoymadan öncə düşünsünlər bir daha: Kimi dəstəkləyirlər?
Özünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş, İrəvana səfər edərək erməni separatçılığına dəstək vermiş bir xaini?
Özünüzə gəlin, sizdən istifadə etməyə imkan verməyin. Əks halda, dövləti-vətəni qanı ilə suvaran şəhidin qanında boğularsınız.
Unutmayın! Dövlət həm də vicdansıza, xainə çəkilən şapalaqdır. Bəlkə də bu şapalaq birdən-birə hamıya dəymir. Bəlkə də kimsə düşünür ki, dövlətə xainliklərindən dolayı cəzasız qalacaq.
Əsla!
Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli