“Pandemiya ilə əlaqədar tətbiq edilən karantin qaydalarının bir çoxu iqtisadiyyatın bir çox sahəsinə mənfi təsir göstərdiyi kimi, turizm və hotelçilik sahəsində də dərin və ciddi böhranın yaşanmasına səbəb olub. Böhranın miqyası elə bir həddə çatıb ki, artıq ölkəmizdə turizm və hotelçiliyə birbaşa cavabdeh olan rəsmilər belə bu məsələ ilə əlaqədar həyəcan təbili çalmağa başlayıblar”.
Bunu “Xəbər365”ə Azərbaycan Yüksəliş Partiyasının başqan müavini Elşad Abdullayev deyib.
Elşad Abdullayev bildirib ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dekabrın 17-də keçirilən Azərbaycan Hotel Assosiasiyasının 3-cü Baş Assambleyasında çıxış edərkən dünya turizminin bütün sahələri kimi hotelçilik sahəsinin də xeyli zərər gördüyünü qeyd edib:
“Şübhə yoxdur ki, Azərbaycan da dünyanın bir hissəsi olaraq bu zərərdən sığortalanmayıb.
Eyni tarixdə AY Partiya olaraq COVİD-19 pandemiyası ilə əlaqədar təkliflər paketimizi ictimaiyyətin diqqətinə çatdırmışdıq. Burada otellərin zərər görməsi ilə yanaşı, bütün xidmət sektorunun böhran yaşadığına diqqət çəkmişdik. Turizm sektorunun bütün əlaqədar sahələri və bu sahələrdə işləyən insanların acınacaqlı vəziyyəti haqqında müfəssəl açıqlamalar vermişdik.
Hökumətə təcili olaraq görüləsi işlərin təkliflərini təqdim etmişdik. Turizm sektorundan məsul şəxslərin, sektorun aparıcı iş adamlarının, sıravi işçilərin hər birinin ürəyindən xəbər verən təkliflərimizin bir yol xəritəsi mahiyyətində olduğunu nəzərə alaraq bir daha təklif edirik:
•ən qısa zamanda xidmət sektoruna aid iaşə və turizm obyektləri açılsın;
•obyektlərin açılması ilə yanaşı sosial məsafə və sanitar-epidemioloji şərtlərə əməl olunması üçün ciddi nəzarət təşkil edilsin;
•daxili və xaricdən gələn turistlər üçün ekspress test imkanları artırılsın;
•günəmuzd işləyən xidmət sektorunda çalışanların iş yerlərinin tam ya da qismən açılması təmin edilsin;
•ölkə daxilində fərdi və ailəvi səhayətlərə qoyulan məhdudiyyətlər ortadan qaldırılsın.
AY Partiya olaraq bir daha hökumətimizi karantin qaydalarını gözdən keçirməyə, ictimai iaşə, turizm və xidmət sektorunun digər sahələrində tətbiq olunan qadağaları aradan götürməyə, əhalinin aztəminatlı və azgəlirli hissəsinin səsinə qulaq asmağa dəvət edirik”.