"Bu gün Şuşamızda Xarıbülbül Musiqi festivalı keçirilir. Festivala hazırlıq zamanı Mehter Marşı sədaları altında çəkilmiş video-görüntülər paylaşılıb".
Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
AY Partiya Başqanı qeyd edib ki, Mehtər Marşı Türk millətinin döyüş bacarığını, qüdrətini, ehtişamını simvolizə edən, Dövlətin böyüklüyünü göstərən bir hərb musiqisidir.
"Yeri gəlmişkən, Mehter Marşından təsirlənən avropalılar bu marşı nümunə götürüblər. Müxtəlif Avropa ölkələrində bu marşın motivləri əsasında hərbi musiqi bölmələri yaradılıb. Bethoven, Motsart kimi bəstəkarlar da Mehter Marşından təsirlənərək, musiqilər bəstələyiblər.
Marş iradənin, gücün və birliyin təcəssümüdür.
Könül istərdi ki, bu gün o festivalda fərqli siyasi görüşlərin daşıyıcısı olan siyasətçilər də oturardı və biz bu möhtəşəm zəfəri siyasi həyatımıza inersiya edərdik...
Hörmətli hakimiyyət təmsilçiləri, Azərbaycan böyük ölçüdə bir qələbə əldə etdi!
Hərbdəki böyük zəfəri ölkəmizin bütün sferalarına, hətta həyatımıza inersiya etmək istəyiriksə, "müasir kolxozçu-pambıqçı" oyunlarından üzülüşməli, yeni aydın fikirli, milli və siyasi dünya görüşü olan insanlarımızla müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı mübarizədə birgə yola çıxmalıyıq.
Müxalif siyasi partiyalar anlayışı dövlətin milli təhlükəsizlik konsepsiyasına aiddir bu baxımdan siyasi birliklər sahəsində zəruri olan dəyişikliklərin edilməsi həm də milli təhlükəsizlik məsələsidir.
Siyasi partiyalar dövlətin strateji sütunudur.
Dövlətin həyata keçirdiyi bir sıra layihələrdə partiyaların iştirakını təmin etmək lazımdır.
Unutmayaq, bu qalibiyyətin sahibi şəhidi, qazisi, əsgəri ilə bütövləşən qalib xalqdır.
Bu gözəl gündə tənqid yazmağı inanın heç istəməzdim. Millətimizin və dövlətimizin gələcəyi naminə indidən biz yazaq və deyək ki, Şuşanın azad olunmasının il dönümlərində bu nüanslar nəzərə alınsın. Festivala görə isə sevincli və qürurluyuq!" - deyə o əlavə edib.