17 oktyabr 2020.
Unutmadıq. Unutmamalıyıq.
Gəncənin, dinc əhalinin raketlərdən atəşə tutulması dəhşətli cinayət, tayı-bərabəri olmayan vəhşilik, insanlıq adına böyük utanc idi. Qanlı düşmən bununla bizi qorxutmağa, ürəyimizin alçaq itaətə vərdiş etməsinə, iradəmizin qırılmasına, ruhumuza qaranlıq çökməsinə cəhd etdi. Tarix boyu çox sınaqlardan çıxmış xalqımız bu hadisədə də dik, rəşadətli duruşunu pozmadı, döyüş meydanında düşmənə layiqli cavab verdi, tökülən qanların qisası alındı, tarixi zəfər qazandı.
Əsasən rus istehsalı olan "Elbrus", "Toçka-U", "İsgəndər-M" kimi operativ taktiki raket sistemləri ilə Gəncənin gecəyarısı xaincə bombalanması bütün humanizm prinsiplərinin üstündən xətt çəkdi, beynəlxalq qanunvericiliyin, o cümlədən Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozdu. Mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət, məhrumiyyət gətirən hücumun edilməsi və bombardman olunması qadağandır, müharibə cinayətidir, belə hərəkətlər heç bir halda cavabsız qalmamalı, hüquqi qiymətini almalıdır. Bir daha bütün dünyaya bəlli oldu ki, ermənilərin Azərbaycana qarşı düşmənçiliyinin altında sülhə və barışa zərrə boyda yer qoymayan uzun illər ərzində formalaşdırılmış patoloji nifrət dayanır. Bu nifrətin təzahürlərinin daha əvvəllər Daşaltı, Xocalı və digər oxşar terror və soyqırımı aktlarında da şahidi olmuşduq. Bu qəsd bir daha göstərdi ki, beynəlxalq havadarlarından ilham alan ermənilər Cənubi Qafqazda xalqlar arasında nifaqın və düşmənçiliyin alovlanmasında nə qədər maraqlıdır. Çünki daha çox günahsız insanların ölümu ilə nəticələnən faciə biz azərbaycanlıların və gələcək nəsillərin yaddaşında dərin izlər buraxdı.
Bu izlər bizə həm də nəticə çıxarmaq üçün müfəssəl bir dərs oldu. Azərbaycanlılar illər ötəcək, nə 20 Yanvar, nə Daşaltı faciəsini, nə Xocalı soyqırımını, nə də Gəncədə, Bərdədə baş verən terroru unudacaq.