Uşaqlar bəşəriyyətin gələcəyidir və onları yaxşı böyütmək hər bir xalqın ümumi borcudur. Dünyanın harasında olursa olsun, bütün uşaqların xoşbəxt və sağlam olması bəşəriyyətin ümdə arzusu və məqsədi olmalıdır. Bu arzu və missiyaya xidmət edən bir çox hadisə baş verib, onlardan biri də 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının oktyabrın ilk bazar ertəsi gününü Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan etməsidir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü BMT-yə üzv olan bütün ölkələrdə, eləcə də Azərbaycanda qeyd olunur. Bu xüsusi gün onların sülh şəraitində sağlam və xoşbəxt yaşamasını, sevgi və qayğıyla böyüməsini, təhsil almasını hədəfləyir.
Yaxşı baxılmaq, yaxşı yetişdirilmək, yaxşı təhsil almaq, hər yerdə diqqət, sevgi və qayğı görmək hər bir uşağın, eləcə də Azərbaycan balalarının haqqıdır. Hər bir valideynin, məmurun, özəl qurumların, bütövlükdə hər bir vətəndaşın və dövlətin borcu uşaqların bu hüquqlarını tanımaq, onların sağlam və uğurlu gələcəyini təmin etmək üçün çalşmaq, uşaqların müdafiəsi ilə bağlı qanunları təxirə salmadan həyata keçirməkdir.
Azəbaycanın da qoşulmuş olduğu BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası özündə uşaqlara aid bütün fəaliyyətlərin onlara faydalı olmasını əsas götürən müddəaları əks etdirir. Yaşından asılı olmayaraq, hər bir uşaq bir fərd və cəmiyyətin üzvüdür. Dövlətin vəzifəsi uşaqların şəxsiyyətə çevrilməsi prosesində qarşılaşdığı əngəlləri aradan qaldırmaq, özlərini yetişdirmək və ifadə etmək şəraiti və imkanı yaratmaqdır. Elə missiyalarından biri dövlətin inkişaf tarixi ilə vətəndaşının yüksəliş hekayəsini paralel yazmaq olan Azərbaycan Yüksəliş Partiyası bunu həm də gələcəyin gəncliyi və toplumuna çevriləcək uşaqlar üçün gerçəkləşdirməyə çalışır. Bizim hər günümüzdə, çıxdığımız yolda, atdığımız hər addımda gözümüzün qarşısında bu günümüzdən – özümüzdən çox, gələcəyimiz – uşaqlarımız dayanır. Fikrimiz, amalımız, zəhmətimiz onların daha gözəl bir ölkədə, daha yaxşı və azad yaşaması, şəxsiyyət kimi yetişməsi, sağlam düşüncə sahibi olması, hüquqlarının pozulmaması, daha yüksək səviyyədə təhsil alması, zirvələrə ucalması üçündür. Bu, bizim mənəvi borcumuz, məsuliyyətimizdir.
Övladlarımızın qayğısına qalaq, onları sevək, qoruyaq, tərbiyə edək. Sağlam cəmiyyətlər ancaq bu şəkildə formalaşa bilər. Bəşəriyyətin xoşbəxtliyi və dünyanın gələcəyi övladların sevgi ilə qorunması və tərbiyəsindən asılıdır.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid qəhrəmanlarımızın övladları başda olmaqla, hər bir azərbaycanlı uşağın yanındayıq. Biz sizi sevir, sizə güvənir, sizin üçün çalışırıq, əziz balalar!
Sülh şəraitində sağlam və xoşbəxt yaşamağınız, böyüməyiniz diləyi ilə bayramınız mübarək!