Putin Rusiyasının inanılmaz bir sürətlə və ciddi hazırlanmış proqram əsasında çöküşünü izləməkdəyik. Təzyiqlər hər gün artan xətlə davam edir. Həm iqtisadi, həm hərbi olaraq nəfəsi daralır. Amma bu avtoritar şovinist mahiyyətli rejimin nəfəsi Qafqazda kəsiləcək. Bunu özləri də yaxşı anlayır və elə buna görə 3 ildir, Ermənistanla sülh müqaviləsinin bağlanmasına hər cür mane olmağa çalışırlar. Buna görə də Gürcüstanda xalqın Rusiyanın avtoritar mahiyyətinə qarşı dirənişi alqışlanmalıdır. Hər üç Qafqaz ölkəsinin xalqlarının cəmiyyətlərini ideoloji aspektdə Putin Rusiyasına qarşı diri və hazır tutmalıyıq.
Bolşeviklərdən bizə miras qalan və sovetin “sərvəti” sayılan partokratiya, rüşvətxorluq, korrupsiya, yerlibazlıq, şiddət, təhqir, siyasi dözümsüzlük, avtoritarizm çirkabından birgə çıxmalıyıq. Tarix gerçəkliyin köküdür. Hər ölkənin bu günü və sabahı dünənindən gəlir.
Gələcəyimizin hara varacağını təxmin etmək üçün dünənimizi dəqiq bilməli və insanlarımızla paylaşmalıyıq.
Dünənimizin tablosunda isə olanlar budur: Rusiyanın Qafqazı işğalı və buradakı xalqları bir-birinə düşmən edib soyqırımları törətmək, demokratik dəyərlərdən uzaq tutmaq, siyasətə qarışmamasına, öz taleyinə biganə yanaşmağa nail olmaq.
Sabahımızın görüntüsü isə kəsinliklə Rusiyasız Qafqaz olmalıdır.
Bunun üçün bir daha mövqeyini ortaya qoyan gürcü xalqına təşəkkürlər!