Rusiya sülhməramlılarının Qarabağdakı hərbi düşərgəsinin ərazisində Rusiya tarix və mədəniyyətinin bəzi görkəmli xadimlərinin büstlərinin qoyulduğu “Rusiya Şöhrət xiyabanı” açılıb.
Xocalıda keçirilən bu tədbir haqlı olaraq, hər kəsin dərin hiddət və qəzəbinə səbəb olub. 28 ildən sonra Azərbaycan ərazisinə, sülh yaratma adıyla Qarabağa yerləşdirilən rus kontingentin özbaşınalığı davam edir.
Düşünürəm ki, əslində Rusiyanın yüz illərdən bəri davam edən imperiya siyasətinin mahiyyətinin bu gün də dəyişilmədiyi açıq şəkildə ortadadır.
Rusiya imperiyasının qonşu ölkələri nəzarətdə saxlamaq kimi mürtəce niyyətə sahib olması da son addımı ilə öz mənfur "ənənəsi"nə sadiq qaldığını bir daha sübut edir.
Azərbaycan xalqının 30 ildən sonra böyük mətinlik və qəhrəmanlıqla savaşaraq, erməni işğalçılardan təmizlədiyi Qarabağ torpaqlarının azad olunmuş ərazilərindəki son hərəkəti ilə onların bu torpaqlardan çıxmaq niyyətində olmadığını nümayiş etdirir.
Təbii olaraq, hər bir Azərbaycanlının həssas və qəzəb nöqtəsi olan Xocalıda özü üçün "Şöhrət xiyabanı" yaradırsa, bu, bizim növbəti faciələrimizin başlanğıcı ola bilər. Əlbəttə çox ciddi təzyiq və müqavimət olmasa, Rusiya öz siyasətindən geri durana oxşamır. Ona görə dövlət və xalq olaraq bu barədə ciddi düşünməliyik. Ən başlıcası xalqın demokratik və sivil yolla müqaviməti təşkil edilməlidir.
Əslində status Paşinyanı maraqlandırmır. Məncə o, Ermənistanı və öz hakimiyyətini düşünür. Qarabağdan əl çəkməyən Rusiyadı. Zorla həm Ermənistanı, həm də Azərbaycanı özünün yaratdığı münaqişənin içinə çəkir...
Hakimiyyətin yüksək səviyyədə bu olaylara təpki verməməsi də çox düşündürücüdür.
Tezliklə razılaşmanın formatına uyğun olaraq, işçi qrupumuz türk müşahidıçiləri ilə birgə bu məsələni kəskin şəkildə Rusiya tərəfinə xəbərdarlıq ismarıcı ilə bildirməlidir. Yoxsa, nəzarətimizdə olmayan Qarabağ ərazisi Abxaziya və Cənubi Osetiya kimi Rusiyanın təsir və maraq dairəsinə düşəcək. Bunu isə şəhidlərimizin ruhu bizə bağışlamaz.