Əmək (işçi) dünyası yeni qüvvələrin təsiri altında formalaşır. Bu keçid prosesi fəaliyyət sürəcində hökumətlərdən qəti addımlar tələb edir. Qarşımızda iş həyatının keyfiyyətini yaxşılaşdırmaq, seçim fürsətlərini artırmaq, gender fərqini azaltmaq, qlobal bərabərsizliklərin ümumi gedişata vurduğu zərərləri aradan qaldırmaq kimi saysız-hesabsız qayğılar həllini gözləyir.
Bir şeyi nəzərə almalıyıq ki, bunların heç biri öz-özünə baş verməyəcək. Qətiyyətli qərarlar verib addımlar atmasaq, biz mövcud bərabərsizliklərin dərinləşəcəyi və qeyri-müəyyənliyin artacağı bir dünyanın içinə düşmüş olacağıq. Texnoloji tərəqqi - süni intellekt, avtomatlaşdırma və robot texnologiyası sayəsində yeni iş yerləri yaranacaq, fəqət belə bir keçid dövründə ənənəvi iş yerlərini itirənlər, ola bilsin, yeni imkanlardan yararlana bilmək üçün qlobal dəyişimin tələb etdiyi sözügedən transformasiyaya az hazırlıqlı olsunlar, yaxud, el dili ilə desək, pis yerdə yaxalanıb yaxşı yerdə axşamlamasınlar.
Bir sözlə, artıq o dünyaya qədəm qoymuşuq ki, bu gün tələb olunan peşəkar bacarıq və vərdişlər sabahın iş yerləri üçün heç uyğun gəlməsin, habelə yeni əldə olunmuş bacarıqlar tez bir zamanda köhnəlsin.
İqtisadiyyatların yaşıl dəhlizlərə daxil olduğu ölkələrdə, təbii olaraq, davamlı istehsal üsullarının və ekoloji təmiz texnologiyaların tətbiqi ilə milyonlarla iş yerləri yaradılacaq, ancaq ölkələr karbondan asılı və resurs tutumlu sənayelərdən imtina etdikcə digər iş yerləri tədricən öz cazibədarlıqlarını itirərək yox olacaqlar.
Demoqrafik proseslərdə də az əhəmiyyət daşımayan dəyişikliklər baş verməkdədir. Dünyanın bir ucunda artan gənc əhali, digər bir ucunda isə qocalmaqda olan əhali, təbii olaraq, əmək bazarlarına və sosial rifah sistemlərinə ciddi təzyiq göstərə bilir. Ancaq bununla belə, yeni çağırışlar və nailiyyətlər öz-özlüyündə yeni imkanlar və fürsətlərə qapılar açır ki, bu da sosial qruplara münasib qiymətlər qarşılığında məhsul, xidmət, qayğı təklif etməyə, habelə inklüziv və aktiv cəmiyyətin formalaşmasına təkan olur. Məhz fərqliliklərin qavranıldığı və qəbul olunduğu, özlərini daha xoşbəxt və dəyərli hiss etməyə başlayan insan toplumunun formalaşdığı, bərabər rəftar görən, eyni zamanda öz potensiallarını reallaşdıra biləcək fürsətlərin tapıldığı bir ölkə, cəmiyyət olmağa hazırıqmı? Ümumiyyətlə, inklüziv cəmiyyət olmanın bizdən tələb etdiyi qanunun aliliyi, qərarların qəbulundakı toplumsal iştirakçılıq payı, güclü vətəndaş cəmiyyətinin mövcudluğu və rəhbər şəxslərin ölkədəki fərqli sosial qrupları təmsil etmə səviyyəsi bizi qane edirmi? Sualı daha kəskin qoyaq: biz bu düzəni yarada biləcək potensiala malik toplumuqmu, yoxsa qəbilə formatından hələ də çıxa bilməyən, yolunu müəyyənləşdirməkdə aciz qalmış bir yığın kütləyikmi?
Məsələ burasındadır ki, sakini olduğumuz Azərbaycanda da əsasən karbondan asılı və resurs tutumlu sənaye sahələri ölkənin əsas gəlir sahələri sırasına daxildir və ölkəmiz gələcək iyirmi beş ilin şəkillənməsində mühüm yerə malik olacaq bu yeni qlobal iqtisadi və sosial çağırışlara nə qədər hazırdır, bəlli deyil. Ölkəmizin ümumi faydalar gətirə bilən yeni dəyərlər yarada biləcək sosial-iqtisadi, mədəni, etik-mənəvi inqilaba ehtiyacı var. Təbii, bizi narahat edən bu dumanlı mənzərə ölkənin və xalqın rifahını, sabit sosial müdafiəsini, ləyaqətli yaşam standartı ilə zəmanət altına alınan parlaq gələcəyini arzulayan bütün ağıllı və soyuqqanlı başları düşündürməlidir.
Daha yaxşı bir gələcək inşa etmək, o cümlədən iqtisadi sabitliyi, bərabər imkanları və sosial ədaləti təmin etmək məqsədilə haqqında bəhs etdiyimiz bu transformasiyaların önümüzə sərdiyi fürsətlərdən elə istifadə etməliyik ki, son nəticədə insanlarımızın bir parçası olduğu cəmiyyətin fundamental strukturunu gücləndirə bilək.
Bu yeni yolun yaradılması həm hökumətdən, həm institutlaşmış siyasi, ictimai qurumlardan, həm də işəgötürən təşkilatlar və işçilərdən ciddi qətiyyət tələb edir. Məhz bu təsisatlar vətəndaşlara iqtisadi tərəqqinin ədalətli payını ayıran, onların hüquqlarına hörmətlə yanaşan və milli iqtisadiyyata davamlı töhfələri müqabilində mümkün risklərdən qorunmaq imkanı qazandıran sosial müqaviləni (razılaşma) diriltməlidirlər! Bu yerdə məlum sosial razılaşmanın aktuallığını qoruyub saxlamaqda ən kilid rol oynayacaq proses isə, gerçək sosial dialoq mühitinin yaradılmasındadır. Məhz bu, hal-hazırda işindən olan yüzminlərlə əmək qabiliyyətli insanlar da daxil olmaqla, bütün işsiz əhalinin, iş dünyasının bütün aktorlarının, habelə cəmiyyət həyatının bütün önəmli fundamental strukturlarında baş verən dəyişiklikləri idarə etmək baxımından son dərəcə vacibdir.
Bütün bu kompleks yanaşmanı zəruri edən işləri kim görəcək sualı da çox maraqlıdır. Təbii, bu sual xalqımızın xoş, mənalı və təminatlı həyat arzulayan hər bir şüurlu fərdinin papağını qabağına qoyub düşünməli olduğu məqamdır. Biz özümüzdəki bu yükü, məsuliyyəti, cavabdehliyi daşıyacaq və ciddi nəticələr əldə edəcək potensialı bilirik və böyük kütlələrdən etimad gözləyirik. Çünki yalnız cəmiyyəti təşkil edən müxtəlif sosial qruplar və seçkili üsulla onu idarə etmək səlahiyyəti qazanan ürəyi, istəyi, soyuqqanlı ağlı olan rəhbər şəxslərin birgə ortaya qoyduğu səylərlə qarşıya çıxarılan mühüm hədəflərə yetişmək mümkün olacaq. Kimsə yaxasını kənara çəkməsin və hər bir kəsin əlini daşın altına qoyması şərtdir! Çünki heç nə öz-özünə baş verməyəcək!
Rəşad Bakuvi
AY Partiya Başqanının müavini