Dönməz türkçü, əvəzolunmaz qələm adamı, hüceyrələrinə qədər millət aşiqi olan Əhməd Cavadın 130 illik yubileyidir.
5 may 1892-ci ildə Gəncəbasar bölgəsinin Şəmkir mahalında dünyaya göz açan Əhməd Cavadın baba nəsli əslən Cənubi Azərbaycandan idi. Daha sonralar Gəncəyə köçən şair 1913-cü ildə Gəncə müsəlman-ruhani seminariyasını uğurla bitirərək, Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadə tərəfindən "Şərəfli türk və fars dilləri müəllimi"adı ilə təltif edilib.
Cümhuriyyət dövrümüzün ən parlaq şəxslərindən biri olan Əhməd Cavad həyatını tamamilə təmənnasız olaraq, millətə həsr etməyi seçmiş yeni qurulan dövlətdə hər bir istiqamətdə geniş fəaliyyət göstərib. Mədəni maarif işlərində, universitetdə müəllim kimi, Musavat Partiyasında xalqın sözünü deyən aktivist kimi, dilçi alim və əlbəttə şair kimi...
Müstəqillik dövründə o, ali məktəblər üçün “Türk dilinin sərfi və nəhvi” adlı dərsliyi yazıb, eyni zamanda “Canım, gözüm, gözüm, canım Azərbaycanım”, “Azərbaycan, Azərbaycan!”, "Bayrağım" və sair Vətən vəsfli şerləri yazmışdı. Əhməd Cavad bayrağımız haqqında ən çox şeir yazan şair olub. Çox təəssüf ki, sonralar da bayrağımıza olan sevgimiz onun sonuncu həbsinə və ölümünə səbəb olacaqdı...
Cümhuriyyət Əhməd Cavadın həyata keçən arzuları idi, Cümhuriyyətimizin süqutundan və sovet imperiyasının Azərbaycanı ələ keçirməsindən sonra Əhməd Cavadın yaradıcılığı sanki yasa bürünür. İşğal olunan ölkəsinə, beşikdə boğulan cümhuriyyətinə saysız şeirlər həsr edir.
Hanı yaz mövsümü gülüm, çiçəyim?
Tez düşdü yurduma xəzan, ay ellər.
Mən yaza bilmədim, əllərim bağlı,
Yoxmu bu dərdimi yazan, ay ellər?
Çoxdan ayrı düşdüm,
Üçboyalı bayraqdan.
Ay dostlar, mən yoruldum,
Bu gizli ağlamaqdan...
Bir neçə dəfə şeirlərinə görə həbs olunur. İlk dövrlərdə dostlarının, köhnə silahdaşlarının xahişi ilə azadlığa çıxır, onların tövsiyyəsi ilə bir müddət susur və yazdıqlarını yayınlamır.
Amma Əhməd Cavadın şeirləri çoxdan sərhədləri aşmışdı. Türkiyədə, Avropada yaşayan mühacirlər onun şeirlərinə müxtəlif nəşrlərdə tez-tez yer verirdilər. Bu da yaltaqların və bədxahların gözündən yayınmırdı. Nəinki Bakıdakı dairələrə, birbaşa Moskvaya Əhməd Cavad haqqında gedən donosların sayı günbəgün artırdı. Qəzetlərdə onun haqqında geniş məqalələr dərc edirdilər. Onun sağ qalması çoxlarını narahat edirdi.
Və bütün bu təqiblərin, şər-böhtanın sonunda yazdığı "Göygöl" şeiri Əhməd Cavadın adının qara siyahıya düşməsinə səbəb oldu. Bədxahları bu şeirdə onun sevgili bayrağına işarə vuraraq, ay-ulduzdan bəhs etdiyini görmüşdülər. Şeir tərcümə olunub Moskvaya göndərildi.
Bulunmaz dünyada bənzərin bəlkə,
Zəvvarın olmuşdur bir böyük ölkə.
Olaydı könlümdə bir yaşıl kölgə,
Düşəydi sinənə yaralı, Göygöl.
Sənin gözəlliyin gəlməz ki saya,
Qoynunda yer vardır yıldıza, aya.
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göygöl.
Həbslər, təqiblər Əhməd Cavadı yormadı, usandırmadı. O, ömrünün sonuna qədər istiqlal ideyalarına sadiq qaldı. 1937-ci ilin iyununda həbs olundu, 25 sentyabra qədər istintaqı davam etdi, oktyabrın 12-də ölümündən sonra millətçilik fəaliyyəti ittihamı ilə edam hökmünə məhkum edildi. Sovet şər maşınının ünsürləri onun oktyabrın 12-dən 13-nə keçən gecə güllələndiyini aktlaşdırsa da, millətin haqq bağıran şair bir gün öncə, oktyabrın 11-də növbəti sorğu-sual zamanı döyülərək öldürülmüşdü.
Həyat yoldaşı Şükriyyə xanım Cavadın ölümündən illər sonraya qədər də represiyalara məruz qaldı. Dəfələrlə Cavaddan boşanmaq üçün ərizə yazması təklif olunsa da, imtina etdi və dözdü. 8 il Qazaxıstanın həbs düşərgələrində zülm çəkdi, sınmadı, yolundan dönmədi. Sevgili Əhmədinin ölüm xəbərini belə ondan gizli saxladılar.
1945-ci ildə Şükriyyə xanım azad edildi. Onların 4 övladı - Aydın, Niyazi müxtəlif müddətlərdə azadlıqdan məhrum olunsalar da, analarından çox öncə sərbəst buraxılmışdılar. Tuqay bir uşaq evinə təhvil verilmişdi. Sonbeşikləri İlmas isə yaşlı nənəsinin ümidinə qoyulmuşdu. Millətə fəda olunan bir ömrün və ailənin həyatı darmadağın edilmişdi.
Amma bu həyat boşuna yaşanmamışdı, sınmayan insanların örnək cəsarət və millət sevgisinin dastanına çevrilmişdi. Əhməd Cavad həbsxanada keçirdiyi son günlərdə yanına ziyarətə gələn bir dostuna sonuncu şeirini əzbərlədir: "Ağaclara baxaraq deyəcəm, sən də əzbərlə. Bu günlər gəlib keçəcək, gözəl, hürriyyət dolu günlər gələndə sən də bu şeiri yazıb oğluma çatdırarsan. O da şeiri dərc elətdirib, millətimə hədiyyə edər".
Şeir "Susmaram" adlanırdı.
Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım,
Damğa vurub, zəncirləyib, tullayıblar zindana,
Qarlı-qışlı cəhənnəmlər məskən olmuşdur mənə.
Mənə “dinmə”, “sus” deyirsən, nə vaxtacan susacam,
Böhranların, hicranların, məhbəsində qalacam?
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar.
Niyə susum, danışmayım, Türk yurdudur bu torpaq,
Oğuzların, elhanların, vətənində kimdir bax!
Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!
Necə susum, danışmayım, mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, de, harda qaldı millət?
Mən bir qulam, yerim qızıl, suyum gümüş, özüm ac,
Atam məhkum, anam məzlum, elim hər şeyə möhtac.
Mən bir türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!
Əhməd Cavadın yazdığı hər şeir sevgi ilə yanaşı, dilinin sadəliyi və gözəlliyi ilə qəlbləri oxşayır, vəsf etdiyi təsvirlər isə göz önündə canlanır.
Millət, torpaq təəssübkeşliyi şairin yaradıcılıq qaynağı idi. O, eyni zamanda bir Anadolu sevdalısı idi. Nəinki Azərbaycan, Türkiyənin çətin tarixi dönəmlərində vətən fədaisi Əhməd Cavad daim mücadilə edib, böyük xidmətlər göstərib.
1912-ci ildə Balkan müharibəsində könüllü döyüşə qatılması Ə. Cavadın sonrakı taleyinin həll olunmasında əsas səbəblərdən, daha doğrusu bəhanələrdən oldu. 1937-ci il repressiyası zamanı ona qarşı sürülən ittihamlardan biri məhz bu müharibədə iştirakı idi.
Böyük Əhməd Cavadın canı qədər, vətən kimi sevdiyi Türkiyə üçün fədakarlığı bununla bitmir. 1915-ci ilin yanvarında Soyuqqamışa doğru gedən yolda 90 min məhmətciyin buz heykələ çevrilməsi Əhməd Cavadın ikinci dəfə Türkiyəyə getməsinə səbəb olur. Həmin il "Azərbaycan Xeyriyyə Cəmiyyəti" adından zərərçəkənlərə yardım paylanması onun təşəbbüsü ilə baş tutur. 1916-cı ildə isə Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Batumda 2000-dən artıq türk uşaq üçün məktəb açır, özü də həmin məktəbdə müəllim işləyir.
Vətən sevgisi ilə yaşayan şair 1918-ci ilin çətin dönəmlərində Bakını işğalçılardan azad etmək üçün vuruşaraq, şücaət göstərir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövlər Əhməd Cavad ömrünün ən qürurlu, təntənəli günləri idi. Vətənə, millətə, nəsillərə yadigar qoyduğu Dövlət himnimizin sözləri ilə dahi Üzeyir Hacıbəylinin musiqisinin vəhdəti Azərbaycan-türk övladının keçdiyi şanlı yolu, vətən-torpaq sevdasının hədsiz-sərhədsiz olduğunu, dinlədiyimiz zaman bütün vücudumuzla hiss etdiyimiz eşqin ecazkar-füsunkar cazibəsinin həyacanını duyur, onunla yaşayırıq.
Cümhuriyyət şairimizin Azərbaycan bayrağına həsr etdiyi şeir isə yaradıcılığının ən həssas, ən coşğulu məqamı kimi tarixin yaddaşına yazılıb:
Türküstan elləri öpüb alnını
Söyləyir dərdini, sana bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın, sana bayrağım!
Şairin vətənə vətəndaş kimi etdiyi xidmətlər qədər ədəbiyyatımıza da verdiyi töhfələr əvəzsizdir. Təkcə bir neçə şeiri kifayətdir ki, onun dərin ədəbi bilgisini, ruhunun zənginliyini, insanlığa, bəşəriyyətə sevgisini bizlərə tanıtsın.
Azərbaycan Yüksəliş Partiyası böyük mütəfəkkir, cəsarətli şair, ideoloq Əhməd Cavadı böyük sayğı ilə yad edir, xatirəsini daim əziz tutacağını bildirir.