“İranla münasibətlərin gərginləşməsini son dönəmə aid deyil. Rəsmi Tehran mahiyyəti etibarı ilə Azərbaycanın müstəqil dövlət kimi varlığını həzm edə bilmir. Bunu illərdir, deyirik. Lakin indiyə kimi İran ölkəmizə qarşı gizli, məkrli planlar qurur, Ermənistanla sıx və möhkəm dostluq əlaqələri yaradır, üzdə isə nisbətən daha loyal siyasət yürüdürdü. Heç şübhəsiz əhalimizin bir qisminin şiə məzhəbinə aid olması İranda belə “ümid” yaratmışdı ki, dini həssaslıqdan istifadə edərək burada terror yuvası qura bilər və bizi öz vətəndaşımızla təhdid edib istədiyi təzyiqi həyata keçirə bilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli deyib.
Partiya sədri İranın Azərbaycana qarşı hər zaman düşmən münasibət bəslədiyini qeyd edib: “Sadəcə bizim apardığımız ehtiyatlı siyasət doğru taktika deyildi. Biz ehtiyatlı deyil, hazırlıqlı siyasət yürütməliydik. Ölkədə milliyətçi proqrama malik siyasi institutların fəaliyyəti gücləndirilməli idi. Tam əksi oldu. İndi sual verirəm: İranla münasibətıər son dövr pozulubsa, uzun illərin terrora meyilli təşkilatlanması, vətəndaşlarımızın ya dini ideologiya, ya da pul qarşılığında bu təşkilatlanmaya uzun illərdi cəlb olunması, bu gün partlayan silahlar birdən-birəmi ortaya çıxdı? Əlbəttə, xeyr. Bütün bu terror dəstələri uzun illərin zərgər dəqiqliyi ilə görülən işləridir. İranla müqayisədə biz kiçik qonşu dövlət təəssüratı yarada bilərik, amma həm İran, həm biz, həm İranın düşmənləri yaxşı bilir ki, 40 milyonluq soydaşımız İran üçün gecələr yuxu qaçıran təhlükədir”.
A. Əsədli onu da vurğulayıb ki, İran bəzi vətəndaşlarımızı öz məkrli planlarına daxil edib: “Nə qədər azərbaycanlı din və ya pul tələsinə düşüb vətən sata bilər? Əlbəttə, çox deyil. Amma əhalinin yarısı “Azərbaycan, Azərbaycan” deyə hayqırırsa, bu, bizim İran qarşısında nə qədər güclü olduğumuzu göstərir. "Son dövrlər niyə məkrli planlarını açıq oynayır?" sualına cavab birmənalıdır: Dəyişən geosiyasi vəziyyət Azərbaycanın xeyrinədir. Özünün ən böyük yaralı bəlasını həll etmək üzrə olan Azərbaycan yeni sferaya, yeni dönəmə addımlayır. Yəni İranı qorxudan təhlükə daha da şişir, daha gerçəyə çevrilir. İran dişlərini qıcayıb öz aləmində ölüm-dirim müharibəsinə girişib. Güclü düşmənə gücü yetməyən İran bizə diş qıcayaraq “düşmənimlə bir olsan, aləmi qataram” demək istəyir. "Bravo"ya hücum, deputata sui-qəsd mesaj xarakterlidir. Sərhəddə olanlar, notalar da o cümlədən…”
Partiya Başqanı həmçinin Azərbaycanın Dövlət Təhlükəsizlik Qüvvələrinin apardığı əməliyyatları da müsbət qiymətləndirib: "Lakin İranla bağlı konsepsiya hazırlanmalıdır. Qonşuyla düşmən ola bilmərik, amma qonşu dost olmaq istəmirsə, tədbiri əldən vermək olmaz. Öncəliklə şiə məzhəbi ilə bağlı fəaliyyət göstərən bütün camilər, xeyriyyə təşkilatları, dini xadimlər dövlətin nəzarətində olmalıdır. Bu, əlbəttə, digər məzhəb və sektalara da aiddir. Amma indi mövzu İran olduğu üçün şiə məzhəbini vurğuladım. Müqəddəs dinimizi terrorla bağlamaq istəyənlər cəzasız qalmamalıdır. İrana bağlı xeyriyyə təşkilatları, daha doğrusu ,bu ad altında fəaliyyətdə olan məkrli planlar aşkarlanmalı, bu istiqamətdə maarifləndirmə işləri sürətlənmədir. Əhaliyə İran nədir, mahiyyəti nədir izah edilməlidir. İran şiəliyin qoruyucusu deyil, ölkəmizə məkrli planları olan dövlətdir. Heç sirr deyil ki, bütün dini terrorçu təşkilatların yaranmasında İran ya birbaşa, ya da dolayısı ilə iştirak edib. Yalan və terror İran rejiminin tam mahiyyətidir, desək, daha doğru olar. Bax, İranı bu cür tanıtmaq birincilik olmalıdır. Əhali ayıq-sayıq olmalıdır, bunun üçün bir siyasi institut olaraq AY Partiya həm İrana, həm Rusiya qarşı öz mövqeni bildirir və əhali arasında, xüsusən gənclər arasında təbliğatı güclü şəkildə aparır”.
“O ki qaldı ssenariyə, bu, iki istiqamətdə inkişaf edə bilər: Birincisi, İranın yuxarı siyasi elitası bu məkrli oyunlarına son qoyub bizimlə qonşuluq münasibətləri quracaq. Terror və digər yolverilməz işlərdən kənarda duracaq. İkincisi isə Azərbaycan öz siyasi gücündən, xüsusən Türkiyə və Qərbin dəstəyi ilə İrana qarşı layiqli duruş göstərməkdə davam edəcək. Necə ki, bu yaxınlarda İsraildə səfirliyimiz açıldı. İranın buradakı gizlin şəbəkələri aşkarlanıb neytrallaşdırılacaq. Yəni, İrana qarşı tədbiri əldən vermədən soyuq, lakin savaşsız və qansız münasibətləri kontrol altında davam etdirmək lazımdır. Düşünmürəm ki, yaxın gələcəkdə gərginləşmiş münasibətlər qanlı savaşa keçsin. Buna əlbəttə heç birimiz ehtimal vermək istəmirik. Belə olarsa, bu, İran üçün yaxşı sonluqla bitməz”.
Editor.az