Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, pedaqoq, İstiqlalçı deputat, "Şöhrət" ordenli İsmayıl Şıxlının doğum günüdür.
22 mart 1919-cu ildə dünyaya göz açan İsmayıl Qəhrəman oğlu Şıxlı orta və ali təhsilini başa vurduqdan sonra İkinci Dünya Müharibəsində sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində) döyüşüb.
Müharibədən sonra orta məktəbdə, Azərbaycan Pedaqoji İnstitunda müəllim kimi işləyib, Azərbaycan" jurnalında baş redaktor olub. Pedaqoji fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olan İsmayıl Şıxlı Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, sədri vəzifələrinə seçilib.
“Məni itirməyin”, “Namərd gülləsi, “Ölən dünyam”, “Cəbhə yolları” və daha onlarla əsərin, kitabın müəllifi olan yazarın şah əsəri “Dəli Kür” romanıdır.
O, Milli Azadlıq Hərəkatı dövründə aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olub, hər zaman öz mövqeyi ilə seçilib.
Azərbaycan Respublikası Ali Sovetinin deputatı kimi Azərbaycanın müstəqillik aktının lehinə səs verən 43 deputatdan biri kimi tarixə düşüb.
İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Yüksəliş Partiyası görkəmli yazıçının xatirəsini ehtiramla yad edir.