Biz AY Partiyanı yaradanda əsas hədəflərimizdən biri də Azərbaycan siyasi cameəsinə şiddətdən, aqressiyadan uzaq yeni bir nəfəs gətirmək idi.
Lakin bu üç ildə gördüyümüz odur ki, Azərbaycan cəmiyyətində elə bir nifrət və şiddət toxumu əkilib ki, müxalif düşünməyi, fərqli prizmadan məsələyə yanaşmağı nə müxalifət, nə iqtidar qəbul edir. Paylaşımlara gələn rəylər çox zaman təhqir, dözümsüzlüyün göstəricisi olur. Bu, təəssüf doğurur. Hamı hər kəsin fikrini bəyənməli deyil, amma bəyənmədiyi fikrə bir fikirlə cavab verməlidir, təhqirlə, ironiyayla yox. İstər siyasətçi ol, istər şair, istər alim, istər müəllim. Fərq etməz. Biz öncə özümüz müxalif fikrə dözümlülük göstərməliyik ki, iqtidardan da bunu tələb edək.
Tənqid, müxtəlif fikirlilik istənilən cəmiyyəti inkişafa aparır. Buyur, gəl, fikir müzakirəsi apar. Əgər buna intellektin, məntiqin yetirsə... Yoxsa, ironiya, lağ ayıbdır. Şəxsiyyətini düşünən, ağıllı, mədəni, intellektual insanlar bunu etməzlər. Digər halda isə cavaba gərək yox.
Cəmiyyətə fərqli məntiqlə (doğru demirəm, subyektiv görünə bilər) mesaj verən siyasətçilər dərhal linc olunur.
Təəssüf ki, tarixin arxivinə gömülən sovetlərin ən iyrənc ənənəsi - ağıllı adamları kəskin tənqid etmək üçün öncə lağ obyektinə çevirib, sonra hətta xəyanətə qədər suçlamaq indi də davam edir.
Kreml bu gün də müstəqil dövlətlərdə bu tendensiyanı qoruyub saxlamaq istəyindədir. Bu, çox qorxulu tendensiyadır. Təəssüf ki, bizim cəmiyyətdə də buna uyanlar az deyil.
Bu, ölkənin taleyinə biganə olmayan, aktiv ictimai-siyasi fəaliyyət göstərən xadimlərin sıradan çıxarılma prosesidir...
Əgər bu gün ölkənin ziyalılarının, şair-yazıçılarının və s. söz demək, fikir söyləmək potensialı olan insanlarının əksəriyyəti ya nifrət qusaraq, ya kəskin aqressiya göstərərək fikir bildirirlərsə deməli ki, biz Kremlin oyununun içindəyik.
Cənablar! Siz gerçəkdən tənqid eləmək istəyirsiniz? O zaman üslubunuza, ritorikanıza diqqət edəcəksiniz. Oyuna gəlmək aydına yaraşmaz. Siz zülmətdən işığa boylanmalısınız...
Anar Əsədli
AY Partiya Başqanı