Bu gün görkəmli ictimai-siyasi xadim, hüquqşünas, diplomat Əlimərdan bəy Topçubaşovun doğum günüdür.
Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 4 may 1862-ci ildə Tiflisdə doğulub. Peterburq Universitetində ali təhsil alıb. Gənclik illərindən başlayaraq, hüquqşünas fəaliyyəti ilə yanaşı, Rusiyada baş verən ictimai proseslərdə fəal iştirak edib.
1905-ci ildə Çar Rusiyasının Birinci Dövlət Dumasına Azərbaycandan nümayəndə seçilib. Azərbaycanda və bütünlükdə Rusiya imperiyasında yaşayan müsəlmanlarının azadlığı uğrunda mübarizə aparıb. Tezliklə Rusiya müsəlmanlarının liderlərindən biri kimi tanınıb. 1917-ci il mart ayının 27-də Bakıda açılan Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin sədri seçilib.
1918-ci il Mayın 28-də qurulan AXC-nin önəmli şəxsiyyətlərindən biri olan Əlimərdan bəy həmin ilin dekabrında açılan Azərbaycan parlamentinin sədri seçilib. AXC-nin tanınması üçün böyük işlər görüb. Paris Sülh Konfransında Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib. Ölkəsinin xarici ölkələrlə diplomatik əlaqələrinin yaranmasına çalışıb. Aparıcı Qərb dövlətlərinin rəhbərləri, o cümlədən ABŞ prezidenti Vudro Vilsonla görüşərək, Azərbaycanın müstəqil dövlət kimi tanınması ilə bağlı gərgin danışıqlar aparıb.
AXC-nin süqutundan sonra Ə.Topçubaşov ömrünün sonuna kimi Parisdə yaşayıb. Öz parlaq ictimai-siyasi fəaliyyətini davam etdirərək, Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda yazılar qələmə alıb.
Azərbaycan siyasi mühacirətinin görkəmli xadimlərindən biri kimi Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri ilə dəfələrlə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilməsi məsələsini qaldırıb. O, 1920-ci il iyulun 5-16-da Spa (Belçika), 1921-ci il fevralın 21-dən martın 14-ə kimi keçirilən London (Böyük Britaniya), 1922-ci ilin aprel-may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və digər mühüm beynəlxalq tədbirlərdə iştirak edib.
Ə.Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda dünyasını dəyişib və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunub.
Azərbaycan Yüksəliş Partiyası görkəmli diplomat Topçubaşovu dərin ehtiramla yad edir, xatirəsinin daim əziz tutacağını bəyan edir.