Mayın 14-də Türkiyədə prezident seçkilərinin olması planlaşdırılırdı. Fevral ayının 6-da baş verən zəlzələ bu planlaşdırmaya ciddi təsir edəcəyi təxmin edilir. Ölkənin 10 əyalətində Fövqaladə Vəziyyət rejiminin tətbiq olduğu şəraitdə seçkilərin baş tutması ciddi şübhə altındadır.
İndiki situasiyada bu barədə qəti iddia və ya təxmin irəli sürmək bəlkə də ciddi iş sayılmaz. Hər halda, seçki tarixi ilə bağlı son qərarı verəcək Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qəfil situasiya və suallarla üzləşib: postzəlzələ dönəmini, proseslərin inkişaf istiqamətini təhlil və təxmin etmək üçün vaxt lazımdır.
Ekspertlər Medianews.az-a açıqlamasında seçkilərin əvvəlki tarixinə (18 iyun) qaytarılacağı və ya daha sonraya ertələnəcəyinə dair polemika apardılar.
Millət vəkili Fazil Mustafa qeyd etdi ki, bu, geniş araşdırma tələb edir: “Bu məsələ ilə bağlı bir fikir söyləmək bir az çətindir. Çünki ertələnmə məsələsində namizədliyin yenidən verilib-verilməyəcəyi məsələsi var. Namizədlərin verilmə prosedurunda fövqalədə vəziyyətin nə dərəcədə mane olub-olmayacağı bilinmir. Bu gün Türkiyənin seçkiləri və onun maliyyə yükünü qaldırmaqda böyük çətinlik çəkəcəyi də ortadır. Amma indi real vəziyyəti onlar özləri yaxşı bilirlər. Yəqin ki, bu mövzuda bir uzlaşma əldə olunub, qərar qəbul olunacaq. Amma seçkini də keçirmədən digər problemləri həll etmək mümkün deyil. Bu baxımdan da heç nəyi qəti söyləmək mümkün deyil. Yəni razılaşma ilə bu nəticə olmalıdır. Bəlkə ertələnməsə, ümumi qərara hamı razılıq verərsə, yəqin ki, ola bilər. Amma belə ortamda seçki keçirmək olduqca çətindir. Seçki özü də zəlzələ kimi çox böyük problemlər gətirə bilər. Daxili vəziyyəti daha yaxşı bilənlər, vəziyyətin inkişaf istiqamətlərini anlayanlar özləri ölçüb-biçib qərar qəbul etməlidirlər. Bizə isə buna sayğı duymaq qalır.
Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bizimlə söhbətində qeyd etdi ki, bu qədər həyacanın, təlaşın içərisində seçki etmək iqtidar partiyasına yaxşı nəticə vəd etmir: “Türkiyə Konstitusiyasının 78-ci maddəsində göstərilib ki, seçki yalnız savaş zamanı ertələnə bilər. Savaş yoxdursa, heç bir halda təxirə salına bilməz. Konstitusiya maddəsi olduğu üçün bu gün Türkiyədə heç bir qurumun seçkini təxirə salmaq səlahiyyəti yoxdur.
İkinci bir tərəfdən 14 mayda seçki olmayacaq. Çünki 14 mayda seçki məsələsi Türkiyə Prezidenti və AK Partiyanın istəyi idi. Lakin bu məsələ parlamentdə təsdiqlənməmişdi. Çünki seçkinin tarixi 18 iyundadır.
Bu vəziyyətdə təbii ki, seçkiyə getmək hakim partiya üçün uğurlu ola bilməz. Müxalifət isə vaxtında keçirilməni tələb edir.
Amma ertələnmə ehtimalları da var. Zəlzələ bölgəsindən parlamentdə 85 civarında millət vəkili təmsil olunur. Bu, ciddi rəqəmdir və o deməkdir ki, həmin adamların seçkiyə qatılmaq imkanları sual altına düşür.
Həmin ərazidə təxminən 3 milyon seçici var. Onlar dağılmış, yox olmuş bölgədə necə səs verəcəklər?
Seçkinin ertəlınməsinə isə nail ola bilmək üçün AK Partiya-MHP müttəfiqliyinin parlamentdə yetərli say gücü yoxdur. Bu barədə AK Partiya təkbaşına yox, bütün partiyalar parlamentdə qərar qəbul etməlidir, Konstisiyaya dəyişiklik edilməlidir.
Hüquqi baxımdan çox çətindir. Amma bütün hallarda 14 mayda seçki olmayacaq”.
Türkiyənin Millətçi Hərəkat Partiyasının üzvü Kadir Yıldız hazırda bu mövzunun Türkiyənin gündəmində olmadığını bildirdi: “Türkiyənin hazırda seçkiləri düşünəcək vəziyyəti yoxdur. Hazırda Türkiyədə baş verən zəlzələ an olaraq hər birimizi özünə yönəldib. Zəlzələnin yaraları sarılanda prezident və parlament bu mövzu ilə bağlı öz fikrini deyəcək”.
Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay isə bildirdi ki, Türkiyədə baş verən zəlzələ səbəbindən seçkilərin ləğvi gündəmə gəlib: “Lakin Türkiyə demokratiya və konstitusiya quruluşlu ölkə olduğu üçün seçkilərin ləğvi ilə bağlı konstitusiyanın prezidentə verdiyi yeganə səlahiyyət müharibədir. Yəni Türkiyəyə qarşı müharibə elan edilirsə və ya Türkiyə müharibə elan edərsə, seçkilər bu səbəbdən ləğv ediləcək. Hazırda mayın 14-nə təyin edilmiş seçkilər ləğv olunmayıb. Türkiyədə baş verən zəlzələ səbəbindən seçkilərin ləğvi gündəmə gəlib. Mayın 14-nə çatmadığı təqdirdə, Ali Seçki Şurası seçkini faktiki tarix olan 18 iyuna keçirə bilər. Bu, hökumət üçün faydalı ola bilər. Çünki Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olub-olmaması ilə bağlı müzakirəni dayandırmaq üçün hökumət bunu bir ay əvvələ çəkib. Rəcəb Tayyib Ərdoğanın üçüncü dəfə prezident olub-olmayacağı sual altındadır. Beləliklə, seçki qərarı mayın 14-də veriləcək. Amma Ali Seçki Şurası deyə bilər ki, 10 vilayətdə seçicilərin yenidən səs verə bilməsi səbəbilə siyahıya düşməyimiz üçün vaxt lazımdır və onu iyunun 18-nə qədər çəkə bilərik. Növbədənkənar seçki qərarı verildiyi üçün prezident Tayyib Ərdoğanın yenidən prezident seçilməsi qarşısındakı maneə aradan qaldırılacaq. Bundan başqa, seçkilərin gələcəkdə və ya yaxın günlərdə keçiriləcək bələdiyyə seçkiləri ilə birləşdiriləcəyi görünmür. İqtidar bu seçkini təxirə salmağa cürət etmir. Çünki zəlzələ həqiqətən də Türkiyədə dominantlığı, yəni iqtidarı məhv edib, müxalifət də bu dəqiqə səsini çıxarmır. Bu prosesdə müxalifət müsbət və ya mənfi cümlə işlətmir, amma hökumətin addımını gözləyir. Hökumət həm zəlzələnin yaratdığı psixoloji vəsvəsənin, maddi və mənəvi dağıntının, həm də müxalifətin hücumuna dayana bilməyəcəyi üçün seçim tarixi ilə oynamaq istəmir. Amma onlar bunu real tarix olan 18 iyuna çəkəcəklər ki, bununla da Rəcəb Tayyib Ərdoğanın 3-cü dəfə namizəd olub-olmadığı problemi bitəcək. Seçki böyük ehtimalla iyunun 18-də keçiriləcək. Buna baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Ali Seçki Qurumunu və Konstitusiya Məhkəməsini seçkinin təxirə salınması ilə bağlı bu qərarı qəbul etməyə məcbur edərsə, Türkiyədə demokratiya əsl mənada pozulacaq. Türkiyə bəlkə də sürətlə Şimali Koreyaya doğru yuvarlanmış olacaq”.
Ağ Partiya başqanı Tural Abbaslı bildirdi ki, ehtimal ki, bu mövzuda bir uzlaşma əldə olunacaq, qərar qəbul ediləcək:
“Bu məsələ xeyli qarışıq məsələdir. İndidən nəyisə konkret demək, proqnozlaşdırmaq doğru olmaz. Çünki hələ hadisə yeni baş verib və düşünürəm ki, hələlik hadisənin siyasi aspektlərinin qiymətləndirilməsi üçün çox tezdir. Burada əslində bütün qərarı bir mənada AK Parti verəcək. Biz hamımız bilirik ki, seçkidən öncə AK Parti 14 maya hesablanmışdı. Hətta seçkiləri bir ay qabağa salmışdı. Zəlzələdən sonra ictimaiyyətin fikri reytinqlərə necə təsir edəcək, AK Partinin, müxalifətin reytinqi nə qədər düşəcək, nə qədər qalxacaq, bunların hamısı hesablanmamış mən düşünmürəm ki, qərar verilsin. Əgər AK Partinin elə bil siyasi qərarı olsa və qanunveriviliyə qalsa, həm seçkini vaxtında keçirmək, həm ümumiyyətlə təxirə salmaq üçün düşünürəm ki, lazımi boşluqlar tapmaq problem olmayacaq. Amma
hələlik düşünürəm ki, durum dəyərlindirilməsi edilir. Heç bu dəqiqə müxalifət də o qədər arxayın ola bilməz ki, guya 14 may seçki olsa, seçiləcəyi qarantilidir. Zəlzələ AK Partiyə, onun reytinqinə ziyan vurub, amma bu ziyan müxalifətin xeyrinəmi olub, o da hələ dəqiq bilinmir. Düşünürəm ki, bu barədə danışmaq üçün tezdir.
Hətta əminəm ki, Türkiyə hakimiyyətinin də bununla bağlı hələlik aydın bir fikri yoxdur. Yəqin ki, sorğular keçiriləcək. Anketlər keçiriləcək və ondan sonra siyasi qərar veriləcək. Hələlik mən düşünürəm ki, siyasi qərarla bağlı müzakirələr belə başlamayıb. Çünki vəziyyət tam aydın deyil. Zəlzələ prosesi yekunlaşmayıb. Onun nəticələri yekunlaşandan sonra artıq bu istiqamətdə danışıqlar gedəcək”.