Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiqin (05.06.1908 - 06.01.1938) anım günüdür.
Ötən əsrin 30-cu illərində tüğyan edən Stalin repressiyalarının qurbanı olan nakam taleli Müşfiq haqqında çıxarılan ölüm hökmü
84 il öncə yanvarın 6-da icra olunub.
Gənc yaşlarından bədii yaradıcılığa başlayan Mikayıl Müşfiq qısa müddətdə istedadlı şair kimi tanınıb. Ardıcıl olaraq kitabları işıq üzü görüb. Dövrünün ən populyar qələm adamlarından biri olan gənc Müşfiq Hüseyn Cavid, Əhməd Cavad və başqa bu kimi milli poetik düşüncənin böyük təmsilçiləri ilə bir yerdə fəaliyyət göstərərək, onlarla dostluq edib.
Böyük şair Müsavat təşkilatı ilə əlaqə saxlamaqda, millətçilikdə təqsirli bilinərək 1937-ci il iyunun 4-də həbs olunub. Həbsdə olduğu müddətdə olmazın işgəncələrə məruz qalıb. Əl və ayaq dırnaqları çıxarılan, siçovullarla dolu quyuda saxlanılan Müşfiqdən heç kimin əleyhinə ifadə almaq mümkün olmayıb.
Nargin adasında güllələnərək, qətlə yetirilən şairin məzarı yoxdur.
Ölümündən 18 il sonra – 1956-cı ildə bəraət alan Müşfiqin şeirləri yüksək sənətkarlıq və poetik vüsətinə görə uzun illərdir, dillərdə dolaşır. Bir çox əsərinə mahnılar yazılıb.
Azərbaycan Yüksəliş Partiyası ölməz Müşfiqi böyük sevgi və sayğı ilə yad edir.