Azərbaycan Milli İstiqlal Savaşının ən önəmli şəxsiyyətlərindən biri olan Nəsib bəy Yusifbəylinin anım günüdür.
Adı Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski kimi Cümhuriyyət qurucuları ilə yanaşı çəkilən Nəsib bəy 1881-ci ilin 5 iyulunda Gəncə şəhərində anadan olub, bu şəhərdəki klassik gimnaziyada oxuduqdan sonra Novorossiya İmperator Universitetində ali təhsil alaraq, hüquq peşəsinə yiyələnib. Baxçasaray şəhərinə gedərək, böyük türkçü mütəfəkkir İsmayıl bəy Qaspıralı ilə tanış olub. Məşhur "Tərcüman" qəzeti ilə əməkdaşlıq edib. Daha sonra İsmayıl bəyin qızı Şəfiqə xanımla ailə həyatı qurub.
Fevral inqilabından sonra Nəsib bəyin rəhbərliyində Türk-Ədəmi Mərkəziyyət firqəsi Məhəmməd Əmin Rəsulzadənin lideri olduğu Müsavat Partiyası ilə birləşib.
Lap gəncliyindən ölkədə və regionda cərəyan edən siyasi proseslərin, ictimai hadisələrin içinə atılaraq, geniş fəaliyyət göstərən Nəsib bəy Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində maarif naziri, Azərbaycan Demokratik Respublikasının hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi Baş nazir, eləcə də Daxili işlər naziri (16 iyun 1919 – 22 dekabr 1919) vəzifələrini daşıyıb.
Bütün fəaliyyətini və tükənməz enerjisini milli düşüncənin formalaşması, demokratik ölkə qurulması yolunda mübarizəyə həsr edən Nəsib bəy Yusifbəylinin ömür yolu bu idealların bərqərar olmasına xidmətdən ibarət olub.
1920-ci il 28 aprel istilası ilə AXC süquta uğradıqdan sonra milli qüvvələrə qarşı ölkədə tüğyan edən amansız repressiya Nəsib bəydən də yan keçməyib. O, 31 may 1920-ci ildə düşmənlər tərəfindən Kürdəmirdə qətlə yetirilərək, Kür çayına atılıb.
Böyük öndər Rəsulzadənin də qeyd etdiyi kimi, Azərbaycanın müstəqilliyi ideyası bir siyasi tələb kimi ilk dəfə Nəsib bəy tərəfindən XX əsrin əvvəlində gündəmə gətirilib. O, “İstila qurbanları. Nəsib bəy Yusifbəyli” məqaləsində yazırdı: “Nəsib bəyin Azərbaycan istiqlalındakı və istiqlal hərəkatındakı rolu sadə nazirliklə və Baş nazir olduğunu söyləməklə ifadə edilə bilməz. Onun istiqlal hərəkatındakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərindən çox daha əvvəl başlamışdı. Azərbaycan ideyasının siyasi bir mətləb maddəsi şəklində formula etmək tərifi Nəsib bəyindir. Sadəcə bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir”.
Azərbaycan Yüksəliş Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan böyük ictimai-siyasi xadim Nəsib bəy Yusifbəylinin adını böyük sevgiylə anır və parlaq xatirəsini ehtiramla yad edir.