Böyük şanlı yol keçmiş Müsavat Partiyasının 110 yaşı tamam olur.
Azərbaycan Milli İstiqlal Hərəkatının öndəri Məhəmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən əsası qoyulan Müsavat Partiyası uzun tarixi bir yol keçib.
Yarandığı gündən Azərbaycanın imperiya əsarətindən qurtuluşunu qarşısına məqsəd qoyan müsavatçılar, başqa Məhəmməd Əmin Rəsulzadə olmaqla böyük mübarizə yolu keçdilər.
1918-ci ilin 28 mayında müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasında Müsavat Partiyasının təmsilçiləri həlledici rol oynayıb. Bolşevik işğalından sonra da mübarizəsini davam etdirən Müsavat bir müddət Bakıda gizli fəaliyyət göstərib. M. Ə. Rəsulzadə Türkiyəyə köçəndən sonra partiya uzun illər bu ölkədə Azərbaycanın azadlığı uğrunda mübarizəsini sürdürüb.
Ötən əsrin 90-cı illərində ölkəmizdə geniş vüsət tapan Milli Azadlıq hərəkatı dönəmində Müsavat Partiyası öz fəaliyyətini Azərbaycanda bərpa etdirib. Azərbaycanın ən qədim partiyası olan Müsavat bu gün ölkəmizdə demokratik dəyərlərin bərqərar olması uğrunda mübarizə aparan aparıcı müxalifət partiyalarından biridir.
Azərbaycan Yüksəliş Partiyası siyasi hərəkat tariximizin ən parlaq səhifələrini yaratmış Müsavat Partiyasının 110 illiyini təbrik edir. İnanırıq ki, milli ideologiyamız olan müsavatçılıq bundan sonra da demokratik cəmiyyət uğrunda mübarizədə əsas dəyərlərimizdən biri olacaq.