İran İslam Respublikasında vətəndaş etirazları hər gün daha da genişlənir. Dövlət əsayişçiləri ilə etirazçılar arasında qanlı toqquşmalar yaşanır. Xeyli sayda qətlə yetirən aksiyaçı var. Onların haqlarını tələb etməsi Tehran rejiminin aqressiv davranışı ilə cavablandırılır.
İranda haqqı tapdananların əksəriyyətinin azərbaycanlı olduğunu nəzərə alsaq, aksiyalarda onların da faciəvi nəticələrə səbəb ola biləcək kobudluqlarla üzləşdikləri qaçılmazdır. Belədə bir obyektiv sual yaranır: Niyə Azərbaycandakı müxalif partiyalar soydaşlarımızın İrandakı aksiyalarda işgəncələrə məruz qaldıqlarına etiraz olaraq birgə bəyanat yaymırlar?
Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli:
- İranda vəziyyətin gündən günə gərginləşdiyi bir vaxtda bizi ən çox düşündürən sual budur: Quzeyin Güneyə hazırlığı varmı?
Yəni, Quzeydəki siyasi və ictimai təşkilatlar nə edir? Media necə dəstəkdə bulunur?
Bütün ayrılmış və uzun illər sonra birləşmiş millətlərin dövlətləri kimi, bizim də birləşmə dövrü üçün artıq hazır konsepsiyamız olmalıdır.
Və bu dövlət işi olmamalıdır. Hazırlıq dövlət səviyyəsində ola bilməz.
Azərbaycanın Quzeyində çox sayda partiya, qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Əllərində kifayət qədər potensial var. Üzvləri arasında alimi, mühəndisi, iqtisadçısı var. Yaxşı, bəs partiyaların birləşmə dövrü üçün hazırladıqları platformaları varmı?
Yəni bir siyasi partiya dövlətdən hazır proqram gözləyirsə, dövlətin gələcəyi üçün heç bir müstəqil siyasət yürütmürsə, onun bir məmur bürosundan fərqi nədir?
Əlbəttə, siyasi partiyalar birlikdə və ya ayrı-ayrı bu olaylara münasibət bildirməlidir. Hər zaman insan hüquqlarını ən kobud şəkildə pozan ölkələrin arasında ilk sıralarda olan İran rejimi olaylar başlayandan sonra şiddəti daha da artırıb. Artıq orasa insan haqları deyilən bir məfhum qalmayıb. Təbii ki, haqları ən çox pozulan da bizim soydaşlarımızdır. Biz ən azından məsələyə bu yöndən münasibət bildirməliyik.