Müxalifət liderləri Prezidentin yerli kanallara verdiyi müsahibədə açıqladığı strateji planları, dünyaya verdiyi mesajları Globalinfo.az oxucuları üçün dəyərləndiriblər.
Saytımıza danışan Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib ki, ölkə Prezidentinin yerli kanallardakı çıxışını bir çox aspektdən dəyərləndirmək lazımdır:
“İlk növbədə sosial, iqtisadi problemlərlə yanaşı, aparılan hökumət siyasəti, digər tərəfdən xarici siyasət və əlbəttə, Qarabağ və Ermənistanla sülh prosesi ictimaiyyəti maraqlandıran məsələlərdir.
Ermənistanla sülh prosesi təəssüf ki, ürəkaçan etapda deyil və biz bunu Prezidentin çıxışından da görürük. Ancaq düşünürəm ki, Azərbaycan tərəfi həm Qarabağda, həm də Zəngəzur dəhlizi mövzusunda haqlı və müəyyən edilmiş bir yolda irəliləyir. İki il ərzində aparılan diplomatik savaşda zərrə qədər Azərbaycanın mövqeyində sapma olmadı. Masada hərbi zəfərimizi təsdiqləmək yönündə aparılan səylər, eyni zamanda, Avropa ölkələri ilə yeni iqtisadi sazişlər, qaz ixracatı və s. təqdirəlayiqdir.
Düşünürəm ki, bunlar əlimizi gücləndirən amillərdəndir. Lakin ölkədəki iqtisadi və sosial vəziyyətlə əlaqədar Prezidentin çıxışında yer alan məsələlərlə bağlı razılaşmadığımız bir çox məqamlar var. Əlbəttə, inflyasiya dünyanı bürüyən problemdir. Lakin ölkə vətəndaşının aldığı maaş və pensiyalar zənbili doldurmaq gücündə deyil. Görülən sosial tədbirləri də açığı yetərli hesab etmirik. Ölkə vətəndaşı ağır sosial-iqtisadi durumdadır və görülən tədbirlər yetərli deyil”.
Ümid Partiyasının sədri İqbal Ağazadə Globalinfo.az-a bildirib ki, Prezident 2023-cü il üçün Azərbaycanla bağlı bütün strateji planlarını açıqlamadı, amma əsas prioritetlərini qeyd etdi:
“Bu prioritetlər yerinə yetirilərsə, Azərbaycanın ayaqda qalması və öz mövqelərini möhkəmləndirməsi asan olar. Sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində söylənilən fikirlər və sosial prioritetlər xüsusilə önəmli idi. O cümlədən, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və dövlətimizin bununla bağlı 2023-cü ildə tutduğu siyasi xətt, Qərbi Azərbaycan icmasının cari ildə qarşısında duran hədəflər, enerji resursları ilə bağlı ayrı-ayrı ölkələr və bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya bizim üçün prioritet məslələrdir. Güman edirəm ki, verilən mesajlar doğru idi və onların yerinə yetirilməsi cəmiyyət üçün və Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində də çox ciddi avantajlar yarada bilər”.
AĞ Partiya başqanı Tural Abbaslı isə bildirib ki, İlham Əliyevin müsahibəsindəki strateji planlar, dünyaya verdiyi mesajlarla razılaşmamaq olmaz, çünki böyük əksəriyyəti Azərbaycan dövlətinin və dövlətçiliyinin maraqlarına uyğun fikirlər idi. Və bununla müxalifətçilik naminə müxalifətçilik etmək olmaz:
“Qarabağla bağlı, Azərbaycanın gələcəyə doğru planları ilə bağlı verilən mesajları, Zəngəzur dəhlizi və onun perspektivləri, BMT TŞ-nın daimi üzvlərinin sayı və tərkibi barədə deyilənlər Azərbaycanın maraqlarına uyğun idi. Qərbi Azərbaycana azəbaycanlıların qayıtması kimi məsələləri birmənalı olaraq dəstəkləyirik.
Hesab edirəm ki, daha çox daxili sosial-iqtisadi sahəyə də diqqət ayrılmalıdır, çünki inflyasiya, qiymətlərin artımı, iş yerlərinin azlığı daxildə kifayət qədər gərginlik yaradıb və insanların yaşayış səviyyəsi xeyli aşağı düşüb. Bununla bağlı yubadılmadan tədbirlər görülməlidir. Prezident bunun özünü də qane etmədiyini qeyd etdi. Orduya və Qarabağa daha çox maliyyə xərclədindiyi üçün bundan artıq nəsə etməyin hələlik mümkün olmadığını dedi.
Amma düşünürəm ki, Azərbaycanın imkanları ilə əhalinin iqtisadi-sosial şəraitini nisbətən yaxşılaşdırmaq mümkündür. Yeni iş yerlərinin açılması üçün kiçik və orta biznesə dəstəklə bağlı güzəştli kreditlərin verilməsi, vergidən azad olunma kimi addımlar daxil ola bilər, yaxud sosial təminatın gücləndirilməsi, pensiyaların normal səviyyəyə gətirilməsi ilə bağlı addımlar da atılmalıdır. Çünki tək xarici siyasət və strateji hədəflərlə olmaz, ölkə daxilində də stabillik və rifah olmalıdır”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, İlham Əliyevin çıxışını özünün prezidentlik dövrünün hesabatı kimi də qiymətləndirmək olar:
“Çünki o, bu dövr ərzində həyata keçirilən bütün qlobal layihələri dəyərləndirdi, perspektivlər haqqında fikirlərini dedi. Azərbaycanın bu günü və gələcəyi ilə bağlı məsələlərə aydınlıq gətirdi. Çıxışdakı əksər məqamlar xalqımızın maraqları ilə uyğundur. Xüsusən, Qarabağla bağlı seçilmiş siyasi xəttin düzgünlüyünə kimsə şübhə edə və ya irad tuta bilməz.
İlham Əliyev daxili siyasətdə müsbət proseslərin getməsi ilə bağlı fikirlər səsləndirdi, amma hesab edirəm ki, bu sahədə çoxlu qüsurlar var. Məmur özbaşınalığı, cinayətkarlığın astronomik rəqəmlərlə inkişaf etməsi, dövlət məmurları arasında cinayətkarlığın yayılması problemi kəskin olaraq qalır. Sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində müsbət addımlar atılıb, amma bu addımlar həm geniş əhali kütləsini əhatə etməyib, həm də real vəziyyətə uyğun nəticələrə gətirib çıxarmayıb. Ölkədə işsizlik, yoxsulluq hökm sürür. Gündəlik tələbat malları da daxil olmaqla əksər məhsullar idxal olunur və xaricdə qiymət artımı olanda burda da bahalaşma yaşanır. Bu o deməkdir ki, Azərbaycanda uzun illər ərzində hələ də daxili tələbatı ödəyən istehsal təşkil edilməyib. Xalqın gündəlik tələbat mallarının yerli məhsullar hesabına ödənilməsi ilə bağlı işlər görülməyib. Bu da dövlət təhlükəsizliyinin iqtisadi sahədə çox zəif olmasını göstərir.
İlham Əliyevin çıxışını ümumi şəkildə müsbət dəyərləndirirəm, amma özünütənqid istiqamətində daha ciddi məsələlərə toxuna bilərdi. Gözlədiyimiz o idi ki, Azərbaycanda hüquqi və siyasi islahatların davam etdirilməsi, xüsusən iqtidar- müxalifət münasibətlərinin dövlətin idarə edilməsinə təsiri ilə bağlı fikir bildirəcək, amma bu belə olmadı.
Məni təmin edən məsələlərdən biri ordu quruculuğu ilə bağlı idi. Dövlətimizə əksər təhdidlər hərbi xarakterlidir. Azərbaycan kommunikativ baxımdan dünyanın bir nömrəli mərkəzlərindən olacaq. İran və Rusiya tərəfdən olan təhdidlər göstərdi ki, Azərbaycan üçün imperativ məsələ öz hərbi gücünü artırmaqdır. Hətta iri güclərə qarşı təklikdə belə durmaq üçün canlı insan potensialı və hərbi texnika ilə özünü təmin etməlidir.
Bütövlükdə, Prezidentin müsahibəsini Azərbaycanın strateji maraqları baxımdan çox ciddi çıxış hesab edirəm. Xalqımız da bu mənada arxayın ola bilər ki, Azərbaycanda ordu quruculuğu onu xarici təhdidlərdən qoruyan səviyyədə inkişaf etdirilir və qarşımızda duran problemlərin həm dinc, həm də hərbi yolla həll edilməsi imkanlarımızın yüksək olduğu qənaətini yaradır”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, Prezident çıxışında çox ciddi məsələlərə toxundu və açıq şəkildə mesajını verdi:
“Bu mesajların icrası üçün güclü komanda lazımdır. Prezidentin tapşırıqları bəzən sabotaj olunur. Mən istərdim ki, onun hər bir kəlməsi layiqincə yerinə yetirilsin. Bir aydan artıqdır bizim vətənpərvər insanlarımız Xankəndi yolunda soyuq hava şəraitində əziyyətlər çəkir, amma bunun xarici dövlətlərdə təbliğatı aparılırmı? İstər səfirliklərimiz, istərsə də diaspora sədrimiz bir iş görürmü? Əksinə, biz haqlı olduğumuz halda, dünya ölkələri bizi suçlayır. Bu sahədə “5-ci kolon”a mənsub insanlar hələlik aktivlik göstərirlər”.
globalinfo.az