Bu sözləri açıqlamasında “AY Partiya” Başqanının müavini Gülşən Hacıyeva, Cavanşir Paşazadənin “Facebook”da yazdığı “Yazılarımı oxuyanlar qoy, çərləsinlər” statusunu şərh edərkən deyib:
“O, ancaq Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qardaşı, 25 dəfə Həcc ziyarətində olan oliqarx deputat kimi tanınır.
Ümumiyyətlə, Milli Məclisdə oturan deputatların hansı normal fəaliyyətləri ilə gündəmə gəlir? Son 1-2 ilə nəzər salaq: Deputatın biri adam döyür, biri deputat vəsiqəsini girov qoyur, birinin Londonda 20 milyon dollarlıq hesabına həbs qoyulur, biri yiyəsizlikdən şikayət edir, biri qiymət artımının xalqa təsir etməyəcəyini deyir, biri siyasətə qarışmadığını bəyan edir…”.
G. Hacıyeva qeyd edib ki, bütün bunlardan yola çıxaraq bir fikir söyləmək mümkündür:
“Bu ölkədə deputatları xalq seçmir, kiminsə qohumu, tanışı və ya başqa xidmətlərinə görə təyin edilir. Onlar xalqdan dəstək alaraq seçilsələr, təbii ki, danışıqlarına, hərəkətlərinə diqqət edərlər. Növbəti seçkilərdə bir daha seçilmək şanslarını itirməkdən çəkinərlər. Amma adamların seçici, səs itirmək problemi yoxdur. Xalqla kütlə kimi davransalar da, deputat kimi tam fəaliyyətsiz olsalar da təminatları varsa, yenə təyin ediləcəklər. Nə qədər ki, bu şüurda olan insanlar Milli Məclisdə olacaq münasibət də dəyişməyəcək”.
(Yenisabah.az)