“2016-cı il aprel döyüşlərindən sonra Rusiyanın bölgəyə ciddi təsir imkanlarını bir daha fürsət bilən Ermənistan 2020-ci il iyul hadisələrinə qədər Azərbaycanla sərhədlərdə və işğal olunmuş ərazilərimizdə davamlı olaraq ciddi təxribatlar törədirdi. Buna atəşkəsin müntəzəm şəkildə həm də iriçaplı silahlarla pozulması, Ermənistan rəhbərliyinin Qarabağ ərazilərinə səfərlərini sıxlaşdırması və nəhayət qondarma "Artsaxın paytaxtı"min Şuşaya köçürülməsi kimi məsələləri misal göstərə bilərik”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini Bəhram İsmayılov deyib. O, qeyd edib ki, bununla kifayətlənməyən Ermənistan Azərbaycandan yenə də torpaq qoparmaq iddiasına düşmüşdü:
“Ermənistanın o vaxtı Müdafiə Nazirliyindən verilən açıqlamalar, yeni ərazi iddiaları çox təəssüf ki, beynəlxalq aləm tərəfindən də heç bir ciddi təpki, etiraz görmürdü. Bütün bunların fonunda 2020-ci ilin iyul ayının 12-də Ermənistan Silahlı qüvvələri Azərbaycan dövləti və dövlətçiliyi üçün xüsusi strateji əhəmiyyət daşıyan Tovuz sərhədlərində hücumlara başladı. Qeyd etmək lazımdır ki, düşmən tərəfindən məhz Tovuzun seçilməsi təsadüfi deyildi.
Ermənistan və arxasındakı qüvvələr bu ərazilərdən keçən, Azərbaycan üçün həyati əhəmiyyət daşıyan enerji kəmərlərini hədəf almaqla, onları sıradan çıxarmaq təhdidi ilə dövlətimizi sabotaj edirdi. Üç gün davam edən döyüşlərdə general Polad Həşimov başda olmaqla, verdiyimiz itkiləri heç nə əvəz edə bilməz. Lakin mütləq və mütləq vurğulamalıyıq ki, məhz həmin döyüşlər və o döyüşlərdə həlak olan əfsanə qəhrəmanlarımızın şəhadəti Azərbaycan xalqını sözün əsl mənasında ayıltdı və ayağa qaldırdı”.
“Xalq yumruq kimi birləşdi, pandemiyaya rəğmən yüzminlərlə insan bir neçə saatın içində meydanlara toplaşaraq bir qarış torpağını belə güzəştə getməyəcəyini bivec, ikiüzlü dünyaya, o cümlədən Rusiyaya və Ermənistana sərt şəkildə göstərdi. İnsanımız hər şeyi ilə Azərbaycan əsgəri ilə çiyin-çiyinə dayandı. On minlərlə vətəndaşımız könüllü olaraq odruya yazıldı və bu proses izdihamlara dönüşdü. Məhz, Tovuz hadisələrindən sonra istər Azərbaycan höküməti, istərsə də Azərbaycan xalqı bir daha tam əmin oldu ki, işğal altındakı ərazilərimizin hərbi yolla azad olunmasından başqa yol yoxdur. Azərbaycan dövləti məhz Tovuz döyüşlərindən sonra işğal altındakı ərazilərimizi ermənilərdən azad etmək üçün hərəkətə keçdi və 44 günlük müqəddəs savaşın startı verildi. Bütün bunlara görə Tovuz döyüşlərini zəfər savaşımızın başlanğıcı hesab etməliyik”, - deyə B.İsmayılov sonda fikirlərini yekunlaşdırıb.