“Üsyan və inqilablar nəinki qazaxlara, heç bir xalqa demokratiya və rifah gətirməyəcək”.
Bunu Qazaxıstan hökumətinə qarşı etirazları şərh edən Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib.
O, digər siyasətçilərdən fərqli olaraq, qonşu ölkədə baş verən hadisəni demokratiyanın qələbəsi kimi qiymətləndirmir: “Qazaxıstanda nə baş verir? Bu, bahalaşmaya qarşı etirazdır, yoxsa əvvəlcədən planlaşdırılmış siyasi çevriliş?
Siyasi şərhçilərin və bəzi siyasətçilərin açıqlamalarından belə məlum olur ki, onlar məsələyə demokratiya döyüşü kimi baxırlar. Sanki qazaxlar acından ölürmüş, ölkədə rüşvətin, korrupsiyanın son həddi imiş, xalqın qisas günü də bu gün imiş. Onların qənaətinə görə, demokratiya qalib gəldi.
Anlayıram, demokratiya döyüşçüləri hər zaman keçmişi kirli olan və avtoritarizmə xidmət edən, sonradan 180 dərəcə dönüşlə demokrat olan və hətta ölkəsində strateji xidmətləri olan heç kimi sevməz və qəbul etməz. Doğrudur. Buna görə də nə baş verməsindən asılı olmayaraq, Nazarbayevin gedişi nəinki Qazaxıstanda, demokratiya acı olan bütün ölkələrdə insanları həyacanlandırır və sevindirir. Bu, öz yerində. Ancaq sual və suallar başqadır: nə oldu iki günün içərisində? Necə oldu ki, elə üsyanın 2-ci günündə polis qüvvələri xalqın tərəfinə keçdi. Axı dövlətin əsas və həlledici qüvvəsi dövlətin tapşırığı olmasa, etirazçıların tərəfinə keçə bilərmi? Əlbəttə ki, yox.
Bəs bu içəridəki qüvvə kimdir? Bu etirazları kənardan tətikləyən hansı gücdür? Çinmi? Rusiyamı, Qərbmi? Tokayev Nazarbayevə sadiqdirmi? Yoxsa bu, elə Nazarbayevdən qurtulmaq istəyən Tokayevin Rusiya ilə anlaşıb qurduğu “etirazlar”dır? Rusiya nə qədər maraqlıdır bu prosesdə? Rusiyanın imperialist siyasətinin mahiyyətindəki əsas məsələ hər zaman ərazi iddialarıdır. Və bu, Qazaxıstan məsələsində daha böyük ölçüdədir. Bəs bu gün Rusiyanın Qazaxıstanda etirazçılara dəstək verməsi hansı zərurətdən yaranır?”
Partiya başqanı bildirir ki, düzdür, Nazarbayev üfürə-üfürə bir türkləşmə siyasəti aparırdı, ancaq bu rusları o qədər də qorxutmurdu: “Bu gün həm də o Nazarbayevə etiraz edilir ki, onun ağıllı şəkildə Rusiya ilə apardığı siyasət vardı. Əhalisinin böyük hissəsini rusların təşkil etdiyi Almatı şəhərindən paytaxtın yeni salınmış Astanaya köçürülməsi məhz bu ağıllı siyasətin tərkib hissəsi idi. Nazarbayevin türk dünyası birliyi yolunda danılmaz fəaliyyəti və səyləri, qazaxların bu yolda elmi, siyasi cəhətdən güclü maariflənmə işləri aparması faktdır. Əlbəttə, Nazarbayevin Qazaxıstanı Rusiya kursundan birdən-birə döndürməsi mümkün deyildi. Birincisi, Qazaxıstan əhalisinin böyük bir hissəsini ruslar təşkil edir. Bu, böyük bir təhdiddir. İkincisi, Qazaxıstanın qonşularının hamısı o dövrdə Rusiyanın tam nəzarəti altında idi. Usta və peşəkar Nazarbayevin səbrlə gözləməsi öz nəticəsini verirdi. Qazaxıstanın müstəqil dil siyasəti və latın əlifbasına keçidi də bu siyasətin tərkib hissəsi idi.
Diqqətlə baxıb analiz etsəniz, görərsiniz ki, Qazaxıstanın daha çox rusların yaşadığı bölgəsinin ərazisi qondarma “Luqansk” ərazisindən müqayisəyə gəlməz dərəcədə böyükdür. Lakin Rusiya Qazaxıstanda separatçılığa getməyi deyil, etnik rusun sayını artırmaqla təsir qüvvəsinə sahib olmağı həyata keçirib. Bu baxımdan Rusiyanın niyə bu proseslərin içərisində yer alması suallar doğurur. Bu üsyanlar baş verərkən, təbii ki, Rusiya da, Türkiyə də ABŞ da boş dayanmır və hadisələri nəzarətdə saxlamaq üçün müxtəlif ssenarilər üzərində düşünürlər”.
Anar Əsədlinin sözlərinə görə, Qazaxıstanda həm Türkiyəyə bağlı, həm də qərbpərəst qüvvələrin olduğunu da yaddan cıxarmamaq lazımdır. Yəni o qədər açıq suallar var ki, onların cavabı verilməmiş birmənalı fikir yürütmək çətindir. Lakin bütün hallarda Tokayev heç də düşünüldüyü kimi qeyri-ciddi bir siyasi fiqur olmadığını bu gün tam olaraq göstərdi”.
Siyasətçi qətiyyətlə vurğulayır ki, baş verən hadisələrdə Tokayevin barmağı olduğu şəksizdir: “Bütün hallarda yaşananları müsbət qiymətləndirə bilmərəm. Çünki bu üsyan Qazaxıstana demokratiya gətirməyəcək, daha çox xaosa sürükləyəcək.
Bu gün Qazaxıstanın ən çox əziyyət çəkdiyi siyasi institutlaşmanın çox zəif inkişafıdır ki, meydanlara çıxan xalq kütlələri nəzarətsiz hərəkət edir, bu isə yaxşı heç nə vəd etmir. Bu gün Qazaxıstanda hökumətə alternativ ola bilən və xalqın önünə düşüb prosesləri dinc, azad, demokratik məcraya yönəldən siyasi qüvvə ya lider yoxdur. Ona görədir ki, ölkədə iki sutkadır xaos hökm sürür. Xaos heç bir ölkəni inkişafa aparmaz.
Baş verənlər demokratiyanın göstəricisi deyil. Birmənalı şəkildə demək olar ki, proseslər Rusiyanın mənafeyinə uyğundur. Rusiya indiki məqamda susursa, bu, o demək deyil ki, Rusiya çəkilib kənarda sakitcə dayanacaq. Zənnimcə, lap yaxın vaxtda Rusiya öz “buynuzunu göstərəcək”.
Demokratiyanın bərqərar olması, üsyan və qiyamlardan keçməməlidir. Hər hansı bir ölkədə normal seçki keçirilməsə, xaos və özbaşınalıqlara səbəb ola bilər. Ona görə də demokratiyanın bərqərar olması şəffaf, normal seçkilərin keçirilməsindən ötür. Bunsuz baş verəcək bütün üsyan və inqilablar nəinki qazaxlara, heç bir xalqa demokratiya və rifah gətirməyəcək”.