Xarici İşlər Nazirliyimiz Rusiyaya nota verib. Doğru edib.
Mətni oxudum, içərisində diqqətimi çəkən belə bir ifadə var: "Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb”. Bu, bir dövlətin diplomatik qurumunun tələb olunan fəaliyyətidir.
Yaxşı, xarici təhdid qarşısında biz siyasi institutlar nə etməliyik? Və ya edirikmi? Parlamentdə özünə “loyal müxalifət” deyən və dövlətdən 100 minlərlə manat vəsait alan partiyalar niyə Rusiya səfirliyinin önündə etiraz piketləri keçirmir? Niyə parlamentdə müəyyən təşəbbüslərlə çıxış etmirlər? Partiyalarında 50-100 nəfər yoxdur, aksiyaya çıxarmağa? Axı sabah “Siyasi partiyalar haqqında” qanun qəbul olunanda bir neçə saat ərzində 5000 “üzvləriniz” hazır olacaq...
Nə isə mövzumuz bu deyil, sadəcə xatırlatmadır ki, əl üstündə tutulmanızın haqqını əlinizdə olan resurslardan istifadə edərək dövlət üçün ödəyin.
Kreml artıq çox açıq şəkildə göstərir ki, Rusiya burada xoşməramlı olmayan "sülhməramlıdır". İndi biz "sülhməramlıları" buradan hətta vaxtından əvvəl çıxarmaq üçün xalqı etirazlara hazırlamalıyıq. Xarici təhdid qarşısında milləti səfərbər etmək və milli birliyi gücləndirməkdən başqa yol yoxdur. Bunun üçün isə xalqın etimad göstərə biləcəyi partiyalar önə çıxmalı, təşəbbüs göstərməlidir.
İki ildir, sülhə nail ola bilmiriksə, Azərbaycanın rəsmi qurumlarının nümayəndələri öz torpaqlarımızda, qanuni ərazilərimizdə hətta ruslarla bağlanan müqaviləyə əsasən belə hərəkət edə bilmirlərsə, o zaman rəsmi Bakını 10 noyabr anlaşmasından imtinaya çağırmalıyıq.
Qarabağdakı məsələ tam bitmədən demokratik cəmiyyət quruculuğunu da apara bilməyəcəyik.
AY Partiya olaraq təklif edirik ki, Xarici işlər Nazirliyinin notasında yer aldığı kimi, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət edilməsinin zəruriliyini Azərbaycan cəmiyyətinin də tələbinə çevirək. Bunun üçün müxtəlif etiraz aksiyaları keçirmək, sosial şəbəkələrdə etiraz sloqanları paylaşmaq və Kremlə xalqın tələbinə riayət etməməsinin çox ağır nəticələrə gətirib çıxara biləcəyini anlatmaq lazımdır. Xarici təhdidləri yerində oturdub, diplomatiya ilə qazanmaq istəyiriksə, o zaman bu, siyasi hakimiyyətin tək başına görəcəyi iş deyil.
Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədli