“Müharibədən sonra başlanan sülh danışıqlarının 2 illik nəticəsi bizi artıq daha ciddi şəkildə düşündürməlidir. Danışıqların hələ ki, nəticəsiz qalması başqa suallar da ortaya çıxarır.
Bunu TNS-ə açıqlamasında Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli bildirib.
“Birincisi, Paşinyan hakimiyyəti Ermənistan ictimaiyyətini Azərbaycanla sülhə hazırlamaq üçün hansı cəhdləri etdi?
İkincisi, erməni vətındaşlar Azərbaycanla sülhə hazırdırmı?
Azərbaycan tərəfi ilə bağlı sual yaranmır, çünki rəsmi Bakının sülh üçün atdığı bütün addımları görür, doğru hesab edir və xüsusilə Brüssel formatındakı danışıqları dəstəkləyirik”, - partiya başqanı qeyd edib.
Onun sözlərinə görə, bu suallara cavablardan biri Beynəlxalq Gallup Assosiasiyasının rəsmi nümayəndəsi MPG konsaltinq şirkətinin noyabr ayında Ermənistanda 1000-dən çox vətəndaş arasında keçirdiyi rəy sorğusunda bəlli olub. 1000 nəfərdən yalnız 14 faizi sülh danışıqlarının olmasını istəyib.
Anar Əsədli deyib ki, sorğunun digər nəticələrinə baxdıqda Rusiya tam üstünlük təşkil etməsə də, nüfuz dairəsini itirdiyini də demək olmaz: “Məsələn, ermənilərin 37 faizi Avropa İttifaqının Ermənistana dəstəyini müsbət qiymətləndirirsə, 30 faizi Rusiyanın dəstəyini təqdir edir.
Ermənistan cəmiyyəti ilə işləməyin yolları haqqında düşünmək lazımdır.
Rusiya Cənubi Qafqazda sülh prosesinin olmasını əlindən gəldiyi qədər əngəlləməyə çalışacaq. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Rusiyanın Cənubi Qafqazda 200 ildən sonra imperial maraqlarının bitməsi deməkdir. Buna görə də Rusiya heç bir zaman imkan verməyəcək sülh müqaviləsinin bağlanmasına. Rusiya sülhə o zaman razı ola bilər ki, orada yenə də öz maraqları təmin olunsun, Azərbaycan və Ermənistanın maraqları deyil. Elə bir sülh ki, münaqişə hər zaman alovlana bilsin. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətləri daha da möhkəmləndirməli, Aİ-Azərbaycan arasındakı geoiqtisadi layihələrin həyata keçirilməsi sürətli şəkildə aparılmalıdır. Türkiyə isə Ermənistanla yarımçıq qalmış danışıqların bərpa olunması səylərini davam etdirməlidir”.
Partiya başqanı bildirib ki, Rusiya uduzur və uduzduqca daha da təhlükəli olur. Əgər biz qısa zamanda sülhə nail ola bilməsək, yeni savaş qaçılmaz olacaq. Bunun üçün Rusiya artıq bütün resurslarını işə salıb. İranın bölgədə aktivləşməsi də Rusiyanın planının tərkib hissəsidir.
“Azərbaycanın müxtəlif dövlət qurumları son iki həftə ərzində Rusiyanın bizə qarşı dövlət səviyyəsində etdiyi hörmətsiziklə bağlı dəfələrlə bəyanat səsləndirib. Ermənistan cəmiyyəti ilə müxtəlif rakurslardan işləmək lazımdır. Rusiyanın cinayət aləti rolunu oynamaqlarının artıq bir cəmiyyət olaraq onları məhvə apardıqlarını anlatmaq lazımdır. Çox uzağa getmədən Moldovadan nümunə gətirmək lazımdır onlara. Hər ilin qışında Moldovanın rus işğalı altında olan Dnestryanı hissəsindən (30 ildir, Rusiya qoşunları sülhməramlı adı altında bu əraziləri zəbt edib, qondarma Dnestryanı Respubllikası qurub).
Qondarma Dnestryanı Respublikasının qondarma Daxili İşlər Nazirliyi vətəndaşları ehtiyacı olan insanlara şəfqət göstərməyə çağırır və belə bir xəbər yayır: “İnsanlar soyuqlarda açıq havada qalıblar. Ona görə də Dnestryanı ərazisi boyunca isinmə və soyuqdan qorunma nöqtələrinin yerləşdirildiyi bildirilir”. Ərazisi boyunca! Bu da qondarma müstəqillik və Rusiyanın dövlət quruculuğu ənənəsinin sonu. Halbuki Dnestr çayının digər sahilində, müstəqil Moldova Respublikasında buna bənzər hal yoxdur. Elə bircə bu hal özü hər şeyi göstərməyə bəs edərdi, amma Abxaziyadamı, Güney Osetiyadamı, Krımdamı vəziyyət fərqlidir? Xeyr, oralardakı xalqların da halı demək olar, eynidir ya da fərqli problemlərin içində boğulurlar. Əmin olun ki, bir azdan Qarabağın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə də eyni hal yaranacaq.
Çünki Rusiya öz xalqına gün ağlaya bilməyən bir ölkədir, başqasınamı faydalı olacaq? Bax, bu həqiqəti anlamaları lazımdır. Çünki danışıqlar masasında sadəcə sülh müqaviləsi bağlanmayacaq, bu müqavilə Rusiyanı bölgədən birdəfəlik rədd edəcək. Bu isə ancaq hər iki ölkənin cəmiyyətlərinin ortaq fikrə gəlməsi ilə mümkündür. Bu ortaq fikir Rusiyasız Cənubi Qafqazdır”, - Anar Əsədli əlavə edib.