Bu gün İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib ki, Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqazda inteqrasiyanı pozmuşdu. Prezident vurğulayıb ki, Qarabağ münaqişəsinin həll olunması region üçün imkandır.
Məsələyə münasibət bildirən Azərbaycan Yüksəliş Partiyası Başqanının I müavini - İcra Aparatının rəhbəri Bəhram İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan cəmiyyəti birmənalı deyil: “Bu gün Ermənistanda hakim siyasi komanda və əhalinin böyük əksəriyyəti passiv şəkildə də olsa müharibənin əleyhinədir. Lakin Rusiyanın Ermənistana təsir rıçaqları hələ də kifayət qədərdir. Bölgədə sülh və sabitlik istəməyən Rusiya hər zaman bu rıçaqları işə salır və hər vəchlə sülh müqaviləsinin imzalanmasına mane olur”.
B.İsmayılov əlavə edib ki, Ermənistanın blokadadan çıxmasını, dolayısı ilə Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaq istəyən Paşinyan hakimiyyətini isə cəmiyyət yüksək faizlə səs verməsinə baxmayaraq çox passiv müdafiə edir: “Bütün bunlara görə, regionda müsbət nəticələrin əldə edilməsi üçün Rusiyanın təsir imkanları kifayət qədər azalmalı, Türkiyə isə bölgədə tam güclənməlidir.
Təbii, bu proses də zaman alacaq. Bu dövlətin özü, xalqı, bütün cəmiyyəti regionda sülhün, sabitliyin bərqərar olmasında maraqlı olmaq məcburiyyətindədir. Çünki istər onların, istərsə də bütün Qafqazın gələcəyi, inkişafı sülh razılaşmasından asılıdır”.