Sənət anlayışı bilavasitə mədəniyyətin təzahürüdür.
Mədəniyyətin inkişafı hər zaman ölkənin sosial-siyasi, eləcə də iqtisadi inkişafı ilə yanaşı olur. Sənətin yaranması üçün sağlam mühitin olması vacib şərtlərdəndir. Sağlam mühit isə sağlam cəmiyyətdə təzahür edir. Azərbaycan cəmiyyətinin sağlam olduğu dönəmləri misal göstərmək bir qədər asan deyil. Qədim dövrlərdən fərqli olaraq, ta orta əsrlərdən üzü bu yana yaşadığımız reallıqlar göstərir ki, cəmiyyətin insan faktoruna bioloji varlıq aspektindən çıxaraq, daha çox ruhsal, zehinsəl, bədənsəl birlik olaraq baxması insanın daha çox bacarığa malik olmasını təsdiqləyir. Dünyanı beş duyğu orqanı ilə öyrənən, qavrayan insan daxili resurslarının fərqində olduqda bacarıqlarını cəmiyyət üçün xərcləməyi, bacarıqdan doğan davranışları ümumilikdə fayda üzərində qurmağı öyrənir, dərk edir. Nümunəvi cəmiyyət axtarışına çıxmağımız bir o qədər doğru olmaz. Azərbaycan insanının yaşadığı tarixi dönəmlər, əsrlər kifayət qədər mürəkkəb, qarışıq, bir sözlə hamar olmayıb. Bununla yanaşı, hər əsrin xalqın fikrini xalq dilindən çatdıran yaradıcı, düşünən insanı olub. Vətəndaş sözünün leksikonumuza daxil olduğu vaxtı dəqiq bilməsək də, instinkt olduğu şübhəsizdir. Yəni vətəndaş olmağın məsuliyyətini hələ ilkin orta əsrlərdən anlayan əcdadlarımız olub.
Vll əsrdən başlayaraq, İslam-ərəb mədəniyyətinin bizlərə məcburi inteqrasiyası, eyni zamanda ərəblərin yerli mədəniyyəti təsir altına salması təxminən iki əsrlik mücadilə dönəminə təsadüf edir, bəlkə də daha çox. Ərəb istilasından sonra aparılan ərəbləşmə siyasətinin əsas ana xətti yerli əhaliyə ərəb hərflərinin öyrədilməsi oldu. İnsanları milli kimlikdən uzaqlaşdırmaq, soyadların və adların ərəbləşdirilməsi həmin dövr nəhəng elm insanlarımızın bu gün milliyəti barədə danışıb, dünyaya tanıtmaq tarixçi alimlərimiz üçün böyük çətinlik törədir. Müharibələr, ölkəmizə olunan istilaçı yürüşlər, ümumilikdə xalqın yaşadığı tarixin hər əsrində çaxnaşmalar, qovğalar əksik olmayıb. Bununla yanaşı, orta əsrlər Azərbaycan mədəni-ədəbi həyatının ən məhsuldar dövrü hesab oluna bilər.
Təbii, toxunmaq istədiyimiz əsas məsələ bu deyil. Tarixin ən çətin dönəmində belə müəyyən mədəni hadisələr, proseslər baş verir. Orta əsrdən yola çıxmaq bəlkə də uğurlu misal deyil. Xatırlatmaq istədiyimiz bütün çətin tarixi dönəmlərdə belə hər dövrün haqq-ədalət carçısı olan şairləri, yazarları, sənətkarları olub. Bir növ sosial, siyasi, iqtisadi çətinliklərdən subnimasiyaya keçid ediblər. Yəni "ağrıdan" yaradıcılığa doğru. Azərbaycan cəmiyyəti “sağlam” olmadan belə böyük dühalar bəxş edib. Elə xalqın dilindən eşitdiyimiz "haqq aşığı" sözü də təsadüfən yaranmayıb. Yaşadığı dövrün ədalətsiz şahlarına, irticaçı məmurlarına, yaltaqlarına üsyan edənlər idi bu aşıqlar.
Ümumilikdə hər zaman üçün "mədh" edənlərlə "üsyan"edənlər ədəbi-bədii mühitdə söz sahibi olub. Mədh etmənin doğal anlamını təəssüf ki, məddahlığa-yaltaqlığa yuvarladanların əksəriyyəti xüsusi istedad və söz sahibləri olub, indi də bunu vəzifə borcu hesab edənlər var.
Bu gün ölkənin mədəni həyatında iştirak edən insanların vətəndaş mövqeyi ortaya qoyması, baş verən siyasi olaylara reaksiyası bir o qədər də aktiv deyil. Müşahidəmizə görə, ədəbi mühit daha sərbəst fikir yürütməyə meyillidir. Mədəniyyət isə böyük anlamdır. İncəsənət onun sütunlarından hesab oluna bilər. Yuxarıda qeyd etdiyimiz kimi inkişaf paralel gedir. Siyasi, sosial, iqtisadi rifah ölkədəki mədəni inkişafın göstəricisidir. Və ya əksinə.
Bəs, rifah üçün mübarizənin yolu hardan keçir? Adətən düşünürük ki, bu, təkcə siyasət adamlarının görəvidir. Yaşadığımız son tarixi dövr göstərir ki, sənət aləmində olan insanlarımız sadəcə özlərini səhnədə, tədbirdə, şənliklərdə "sınayır", bununla da xalq qarşısında olan vətənə xidmətini məhdudlaşdırır. Təbii, səhnə, tədbir və başqa sənət mühitində olmaları çox normal və doğal haqlarıdır. Və bu, birtərəfli deyil, qarşılığı olan xidmətdir. Necə ki, müəllim, həkim, dərzi maaş qarşılığında çalışır, eləcə də incəsənət insanları. Yəni xalqa i xidmətin qarşılığını adətən elə xalqın özündən alırlar. Lakin cəmiyyətin hamı üçün labüd olan sıxıntıları, sosial rifah uğrunda acınacaqlı "mübarizə"lər, günü-gündən çoxalan intiharlar, uşaq və qadına şiddət olayları, azyaşlıların istismarı, ərzaq-qida bahalaşması, müəllim, həkim, aktyor və digər peşə insanlarının əməkhaqlarının yetərsizliyi, sadalamadığımız yüzlərlə problemi dilə gətirmək, gündəmə daşımaq təkcə bir neçə siyasətçinin bacaracağı iş deyil. Son iyirmi ilə nəzər saldıqda söz haqqının Konstitutsiya hüququ olduğunu anlayan, sənətindən öncə vətəndaş olduğunu hər şeydən uca tutan sənətkarlar demək olar ki, çox az gözə dəyir. Flora Kərimova, mərhum Fuad Poladov, Məleykə Alıqızı və hazırda adlarının çəkilməsindən narahatlıq duymalarını istəmədiyim bir neçə sənətkarın timsalında sənətkar-vətəndaş mövqeyinin nümunəsini görmüşük. Bir dövr ələyindən keçdi sənət insanları. Və zamanla siyasi fikir yürütmək, ölkədaxili sosial-siyasi vəziyyəti dilə gətirmək sənət insanları arasında iflasa uğradı. Çox az sadalaya biləcəyimiz isimlər var. Söhbət iqtidarı tənqid etməyin vacibliyindən getmir.
Ümumilikdə sənət cameəsinin bu kimi proseslərdən özlərini sığortalamağın ağrılı səbəbinin kökü, söykəndiyi məntiq nədir?!
Səbəblərdən biri, bəlkə də ən başlıcası sənət insanının asılılıq halına, vərdişinə gətirilməsidir. Dövlət təltifləri, təqaüdlər, evlər...
Ehtiyacı olanların təqaüdlə, evlə təmin olunması qüsur deyil, müsbət haldır. Lakin bu kimi mükafatlandırmaların yolu bir çox halda "mədhiyyə"dən keçir. Bunu yaxşı bacarmayanlar aqressiyalarını sadəcə baş verən nələrəsə yüngül atmaca, replika verməklə bildirirlər. Həmin replika da obyektə fokuslanmır adətən. Çox az kəsim isə bu kimi proseslərdən kənarda qalır, nəfsinin güdazına getmir. Lakin danışıb dilə gətirməyi də “siyasətə qarışmaq” kimi alqılayıb, susmaq mövqeyini seçirlər. Öz talelərini siyasətçilərin “öhdəsinə” buraxıb, məmnun qalmadıqlarından ara-sıra dodaqaltı gileylənirlər. Onu da çox ehtiyatla...
Digər bir səbəb isə siyasi hesab olunan fikirləri dilə gətirdiyindən, əslində əqidəsinin arxasında olduğundan illərlə sənətinə qoyulan qadağalar, təqiblər, məhrumiyyətlər yaşayan sənətkarların timsalında olan qorxulardır. Bu həyatı yaşayan sənətkarlar, daha doğrusu bir sənətkar var ki, təkcə ecazkar səsinə görə deyil, elə vətəndaş mövqeyini hər zaman və hər şeydən öndə tutduğu üçün minlər və bəlkə də milyonların sevgisini, rəğbətini qazanıb.
Və bir çox başqa səbəblər də ola bilər.
Əgər müxtəlif peşə sahibləri söz haqqının olduğunu anlayırsa, anlamağa çətinlik çəkənləri aydınlatmağa çalışırsa, deməli incəsənət və bütövlükdə sənət insanlarının da belə bir görəvinin olduğu qaçılmazdır.
Dünyanın bir çox ölkəsində sənət adamları siyasətə qorxunc, təhlükəli oyun kimi deyil, məhz seçim kimi baxırlar. Yaşanan xoşagəlməz təcrübələr keçmişdə qaldı. Təkrarçılıq kimi olmasın, bir daha xatırladaq ki, artıq dünya və dünyanın düzəni dəyişir. Biz də dəyişirik. Görmək, müşahidə və təhlil etmək yetərlidir.
Vətəndaş mövqeyini peşəkar siyasətlə səhv salmayaq. Siyasət və mədəniyyətin vəhdəti isə mükəmməl nəticə verir. Ən azından sınaqdan keçirək...
Nigar Sultanlı
Azərbaycan Yüksəliş Partiyası Başqanının Humanitar məsələlər üzrə müavini