İstənilən dövlətin vətəndaşının demokratik mədəniyyətinin, dövlətçilik təfəkkürünün formalaşmasında ən başlıca faktorlardan biri fərdin siyasi bilik və dünyagörüşünə, politologiyanın əsaslarına malik olmasıdır.
Belə dünyagörüş və biliklərə sahib olmadan fərd istər-istəməz, elə ya belə manipulyasiya və boyunəymə obyektinə çevrilir. Belə bir tələyə düşməmək üçün institutlaşmış siyasi təşkilatlarda təmsilçilik və siyasi proseslərdə fəal iştirakçılıq imkanlarını dəyərləndirmək zərurət olur.
Siyasi bilik və mədəniyyət bu gün peşə mənsubiyyətindən asılı olmayaraq, kişili-qadınlı hər bir insana lazımdır. Valideyn ya kişi olsun, ya qadın övladını öncə gözündə və canında qorxu olmayan siyasi fərd kimi böyütməyə və yetişdirməyə borcludur ki, adam öz ayağı üstündə durmaq vaxtına çatanda qarmaqarışıq cəmiyyət həyatında öz kimliyini tapa bilməklə yanaşı, onu gözləyən çətinliklərdən baş çıxara, çevrədə düzgün seçimlə doğru istiqamətə yön ala bilsin. Çünki o, cəmiyyət həyatının ayrılmaz bir parçası kimi, istər-istəməz fərqli insanlarla və müxtəlif dövlətlərlə daim qarşılıqlı əlaqədə olmalıdır. Unutmayaq ki, belə biliyi olmadan hər bir şəxs siyasi oyunda sövdələşmə, siyasi alver obyektinə çevrilmək riskini daşımaqla yanaşı, zamanla siyasi münasibətlərdəki daha aktiv güc mərkəzlərinin manipulyasiya və əsarət (kölə olma) obyektinə, sevimli oyuncağına çevrilir.
Vətəndaşların kütləvi miqyasda siyasi səbatlılığı bütün cəmiyyət üçün də zəruridir, çünki bu, onu dövlətin və ictimai təşkilatların despotizm və istibdadından, qeyri-insani münasibətindən və iqtisadi qeyri-effektivliyindən qoruyur. Xüsusilə hər bir ölkədə olduğu kimi, Azərbaycanda da siyasi bilik və bacarıqlar adətən mühakimələrində aşırı radikallığı ilə səciyyələnən gənc nəsil üçün zəruridir. Çünki bu zaman müxtəlif utopik ideologiyalara və demaqoq çağırışlara qarşı həssaslıq daha güclü və idarəolunan olur.
Azərbaycan dövlətinin müasir inkişafı şəraitində siyasi elmin təməl əsaslarına yiyələnmək onun malik olduğu cəmiyyətlə bağlı uğurlu islahatının ən mühüm şərtidir. Siyasi elmlərlə əlaqədar dərin informasiyalar insana özünün və başqalarının taleyi üçün məsuliyyətli qərarlar qəbul etməyə, dövlətçiliyin, demokratiyanın əsas dəyər və normalarını mənimsəməyə, müstəqil bir subyekt statusunu formalaşdırmağa imkan verir. Təkcə şəxsiyyət vəsiqəsini alıb cibinə qoymaqla hələ gerçək vətəndaş olmursan. Gerçək vətəndaş yaşadığın ölkədə ictimai-siyasi, sosial-iqtisadi, mədəni, humanitar planda baş verənlərə nə dərəcədə təsiretmə imkanlarına malik olmağınla ölçülür. Özünü bu imkanlardan şüurlu məhrum etmək səni mütləq mənada lümpenləşdirir və heç kimə, o cümlədən heç nəyə lazım olmayan canlı cəsədə çevirə bilir.
İctimai və sosial elmlər arasında siyasət elminin çox mötəbər yer tutması məhz bu mənada əbəs deyil. Bu yer onunla xüsusi olur ki, cəmiyyətin həyatında mühüm rola malik siyasəti məhz politologiya elmi öyrədir. Politologiya ilə bağlı kitablar bu gün hər bir azərbaycanlının masaüstü oxu vəsaiti olmalıdır. Birmənalı şəkildə anlamaq lazımdır ki, siyasət cəmiyyətin bütün sferaları, bir sözlə, hamı ilə əlaqəlidir və onlara evin içində və çölündə əhəmiyyətli şəkildə təsir etməkdədir. Siyasət ölkələrin və xalqların taleyinə, onlar arasındakı münasibətlərə, insanın gündəlik həyatına dolayı və birbaşa "burun soxarkən" bu barədə soruşmur. Bir də onda ayılırsan ki, artıq gecdir…
Siyasət - siyasi quruluş, demokratiya, siyasi hakimiyyət, dövlət məsələləri, o cümlədən bütün vətəndaşların maraq və mənafelərinə elə ya belə toxunan bir fenomendir. Buna görə də siyasilərin, siyasi həyatın problemləri, sözün əsl mənasında, cəmiyyətin bütün nümayəndələri üçün öz aktual əhəmiyyətini heç vaxt itirmir.
Xüsusilə gələcəyi nigaran və cavabsız suallarla dolu Azərbaycan gəncliyini siyasətdən qorxmamağa, cəsur olmağa, siyasi proseslərdə aktiv olmağa, ölkənin və cəmiyyətin siyasi həyatında iştirakçılıq payını artırmağa, həyatının bütün fazalarını idarə edən siyasətin bir parçası olmağa dəvət edirəm. Ağıl, cəsarət, bilik, vicdan, məsuliyyət, təşəbbüskarlıq və çeviklik hamısı bir arada olduğu zaman, siyasi iqtidarda kim olur-olsun hansı dərəcədə despotik və ya avtoritar şərtlərin yaranmasına baxmayaraq, ortaya qoyulan real güclə enində-sonunda hesablaşmaq məcburiyyətində qalır.
Rəşad Bakuvi
AY Partiya Başqanının müavini