Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli parlamentdə qəbil edilən “Siyasi partiyalar haqqında” qanunu mənfi qiymətləndirib.
Anar Əsədli deyir ki, yalnız siyasi partiyalardan söhbət getmir, ölkədə bir çox sahələrdə ən mütərəqqi qanun layihələri qəbul edilib, amma müsbətə doğru heç nə dəyişməyib: “Həmin qanunlar işləyirmi? Vergi, gömrük sahəsində qanunlar qəbul edilib, halbuki hər iki sahədə yayınmalar var. İndi də “Siyasi partiyalar haqqında” ən mütərrəqi qanun qəbul olunsaydı, nə olacaqdı? Əvvəlcə normal siyasi mühit yaradılmalıdır. Bu, yoxdursa, hansı qanunu qəbul etsən də, dəyişiklik olmayacaq”.
Anar Əsədli partiya üzvlərinin şəxsi məlumatlarının hakimiyyətlə paylaşılmasını doğru saymır.
O, partiyaların çoxluğunda da problem görmür: “Biz heç kəsə deyə bilmərik ki, sən niyə partiya qurursan? Hər kəsin partiya yaratması öz haqqıdır. Ancaq partiyalar seçkiyə qatılmırsa, onların fəaliyyəti MSK-nin rəyi əsasında ləğv olunmalıdır. Partiyalar seçkiyə qatılmalıdır, amma 30 ildir ki, seçkiyə qatılmayan partiyalar var. Söhbət boykot qərarı verənlərdən getmir. Boykot özü də seçkiylə bağlı təşəbbüsdür. Məsələ ondadır ki, nə boykot, nə də iştirak qərarları var, ancaq özlərini partiya elan ediblər.
Seçki partiyanın resursunu və imkanlarını ortaya çıxaracaq vasitədir. Bunu da təmin etmək üçün ölkədə normal seçki mühiti yaradılmalıdır. Seçki mühiti yoxdursa, partiyaların gücü və resursu bəlli olmayacaq”.
O hesab edir ki, yeni qanundan çox partiyaların cəmiyyətdə yerini təmin etmək lazımdır: “Bunun üçün gerçəkdən səmimi siyasi mühit yaradılmalıdır. Hakimiyyətə gəlmək istəyən, iqtidara rəqib olan partiya ildə bir dəfə üzvləri ilə bağlı məlumatı niyə hökumətə verməlidir? Belə fəaliyyətmi olar? Biz axı alternativik, bu, kəsinliklə qəbuledilməzdir”.
AY Partiya Başqanı Anar Əsədlinin meydan.tv-yə açıqlaması.