“Siyasi partiyalar haqqında” qanun layihəsinin ilkin variantı yayımlandı. Əvvəla bildirək ki, burada xüsusilə diqqətçəkən məqam siyasi partiyaların təsis edilməsi ilə bağlı tələblərdir. Yeni qanun layihəsində siyasi partiyaların təsis edilməsilə bağlı tələblərin xeyli yükskək göstərilməsi təklif edilir. Məsələn, üzvlüklə bağlı tələbin 1000 nəfərdən 10000 nəfərə, təsisçilərlə bağlı tələb isə 1 nəfərlə mümkün olduğu halda, anormal şəkildə 200 nəfərə yüksəldilməsi yolverilməzdir və məntiqsizdir. Belə təsəvvür edək ki, üzvlərlə bağlı tələbin artırılması fəaliyyətsiz partiyaların qeydiyyatını əngəlləməyə hesablanıb.
Yaxşı, təsisçinin 200 nəfərə yüksəldilməsi nə deməkdir. Bu, hər şeydən öncə dolaysı yolla Konstitusiyanın siyasi fəaliyyətlə bağlı müddəalarına ziddir. Belə çıxır ki, siyasi fəaliyyətlə məşğul olmaq istəyən, partiya yaratmaq istəyən Azərbaycan Respublikası vətəndaşı bu istəklərini reallaşdırmaq üçün 199 nəfər tapmalıdır?
İkincisi, Konstitusiya Respublikanın prezidenti olacaq şəxsin ölkədə 10 il yaşamasını tələb etdiyi halda partiya qurucuları üçün bu rəqəmin 20 il olması tələbi gülüncdür. Bu tələb maksimum 5 il ola bilər. Partiya sədri prezident olmaq istəyən siyasi şəxsdir. Ölkə prezidenti statusundan daha yuxarıda durmur ki, 20 il tələb olunsun.
Əlbəttə ki, yeni qanun layihəsindəki bu müddəalar göydən düşməyib, məqsədli şəkildə əlavə olunub. Hesab edirik ki, bu məsələlər siyasi plüralizmin sıxışdırılmasıdır və yolverilməzdir.
Azərbaycan Yüksəliş Partiyasının “Siyasi partiyalar haqqında” qanun layihəsinə düzəliş və dəyişikliklərlə bağlı təklifləri bir ay öncə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilib.
AY Partiya olaraq hesab edirik ki, siyasi partiyaların qeydiyyata alınması ilə bağlı heç bir çətinlik olmamalıdır, bütün çətinliklər aradan qaldırılmalıdır. Əlbəttə ki, xaotik vəziyyət və bununla da siyasi arenanın mahiyyətinə zidd mənzərənin yaranması da yolverilməzdir, müəyyən tənzimlənmənin olması vacibdir.
Bəs bu tənzimlənmə necə və hansı mərhələdə olmalıdır?
Təkliflərimizdən də göründüyü kimi, siyasi partiyalarla bağlı özü özünü tənzimləyən mexanizm formalaşdırılmalıdır. Bu mexanizm qətiyyən partiyaların yaranmasına, onların fəaliyyətinin məhdudlaşdırılmasına xidmət etməməlidir. Əks halda siyasi arenamızda Vətən müharibəsindən sonra yaranan canlanma yenidən birqütblü, plüralizmə zidd formalarla əvəzlənəcək.
AY Partiyanın “Siyasi partiyalar haqqında” qanun layihəsinə düzəliş və dəyişikliklərlə bağlı təkliflərini sizlərlə bölüşürük. Hesab edirik ki, bu təkliflər fikirlərimizin təsdiqi olmaqla yanaşı, medianın, ictimai-siyasi insitutların, geniş ictimaiyyətin diqqətinə çatdırılmaqla Azərbaycan siyasi arenasının rənglərini müəyyən etməyə və canlandırmağa töhfə verəcək.
Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının Başqanı