AZƏRBAYCAN YÜKSƏLİŞ PARTİYASININ
MƏRAMNAMƏSİ
Milli Oyanışdan Milli Dirçəlişə doğru!
Azərbaycan insanı azadlıqsevərdir! O, özünün bu xüsusiyyətini tarixdə dəfələrlə təsdiqləmiş, dostuna da, düşməninə də göstərmişdir. XX əsrin əvvəllərində vətənimizin bu tayında Azərbaycan Xalq Cümhuriyyətini, o tayında isə Azadıstan Dövlətini quran, həmin əsrin sonlarında Azadlıq Meydanında Milli Dirçəliş dastanı yazan Azərbaycan xalqı imperiyaların müstəmləkə siyasətindən qurtulmaq istəyən xalqlara ilham qaynağı olmuşdur. Azərbaycanlıların Milli İstiqlal Mübarizəsi çağ açıb çağ qapayan bir hərəkat olaraq başa düşülməlidir.
Milli İstiqlal Mübarizəmizin əsas dörd mərhələsi haqqında fikir yürütmək olar. Onlardan ilk ikisi keçmişdə yaşanmış, üçüncüsü indi yaşanır, dördüncüsü isə yaxın gələcəkdə yaşanacaqdır. Bu dörd mərhələ aşağıdakı kimidir:
Oyanış
Quruluş
Dirçəliş
Yüksəliş
Azərbaycan İstiqlal Mübarizəsinin dörd əsas mərhələlərindən biri və birincisi Oyanış dövrüdür. XIX əsrin ikinci yarısından başlayan bu proses öncə ədəbiyyatda, publisistikada, musiqidə və sənətdə ortaya çıxmışdır. Milli özünüdərk və maariflənmə dövrü olaraq bilinən bu vaxt ərzində milli ziyalılarımızın formalaşdığını görürük. Azərbaycan xalqının rus çarizmindən qurtulub müstəqil yaşamaq xəyalını gerçəkləşdirmə yolunda attığı ilk addımdır Oyanış dövrü.
Ondan sonra gələn Quruluş dövrü isə onun məntiqi nəticəsi idi. Sadəcə ədəbiyyatda və incəsənətdə deyil, artıq siyasətdə də milli ideyanın və ideologiyanın formalaşdığı Quruluş dövrünün zirvəsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması idi. Bu dövr ərzində yoxdan bir bayraq yaradılmış, Azərbaycan xalqını gələcək yüzillərə aparacaq əsas siyasi-ideoloji konsepsiyası hazırlanmış, müstəqilliyin əsas amilləri olan milli ordu və milli dövlət kimi institutlar təsis edilmiş, sonrakı nəsillər üçün tamamilə yeni bir üfüq açılmışdır.
Əsaslı və möhkəm siyasi ideya üzərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, təməlində yatan dəyərlərin əbədiyaşar və dəyişməz xarakterdə olmasından dolayı XX əsrin sonlarına doğru başlayan Milli Azadlıq Hərəkatının əsas şüarları da elə bu dəyərlər olmuşdur.
Beləliklə də Milli Dirçəliş dövrü başlamışdır. Azərbaycanın təxminən 200 illik rus müstəmləkəçiliyi ilə savaşının əsas xətti imperiya boyunduruğundan qurtularaq yarımçıq qalmış Milli Dövlət quruculuğunu tamamlamaq olmuşdur. Bu tarixi zaman içində baş verən savaşlar, üsyanlar, etirazlar, çalışmalar bir məqsədə – Azərbaycan İstiqlalının yenidən əldə olunmasına xidmət etmişdir.
İstiqlal mübarizəmizin qızıl rəqəmlərlə yazılan iki tarixi var: Azərbaycan Xalq Cümhuriyyətinin quruluş tarixi olan 28 May 1918-ci il və Milli Dirçəliş Günü olan 17 Noyabr 1988-ci il. Bu illər arasındakı təqribi 70 il sanki ayrı bir xalqın tarixi kimi hiss olunsa da, əlbəttə xalq elə həmin xalq idi. Millətimizin əsarətinin bu 70 illik hissəsi Milli Dirçəliş ruhu ilə bir anda bitirildi və yerini Milli İstiqlal və Müstəqillik hərəkatına təhvil verdi. Beləliklə də, 18 Oktaybr 1991-ci il tarixində Azərbaycan Respublikası yenidən müstəqilliyini qazandı.
Milli Dövlət quruculuğu prosesi Milli Dirçəliş ruhundan qaynaqlansa da, məlum oldu ki, bu az və yetərsizdir. Milli Dirçəlişin təməlində yatan Milli Ruh, Milli Şüur və Milli İradə hər nə qədər istiqlalımızı qazanmaq üçün yetərli olsa da, xalqımızın hər bir üzvünün insan hüquq və azadlıqlarından faydalanmasına şərait yaratmağa yetərli olmadı. Çünki, Milli Azadlıq Hərəkatının əsas hədəfi İstiqlal olduğu halda, milli istiqlalımızın hədəfi sosial rifah dövlətinin yaradılmasına nail olmaq idi. Ancaq, əfsuslar olsun ki, müstəqil Azərbaycan dövlətinin əsas hədəfi erməni işğalında olan Qarabağı azad etmək olmuş və nəticədə hər cəhətdən rifaha və çiçəklənməyə nail olan bir cəmiyyət qurmaq mümkün olmamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə əslində 1988-ci ildən yenidən vüsət alan istiqlal mübarizəsinin davamı idi. Fəqət, xalq olaraq bütün potensialımızı ərazi bütövlüyümüz uğrunda səfərbər etməyimizin nəticəsində Qarabağda aparılan 44 günlük müharibə qələbə ilə sona çatmış, işğal altında olan torpaqlarımız üzərində suverenliyimiz bərqərar olmuş, ərazi bütövlüyümüz təmin edilmişdir.
Sözsüz ki, söhbət ancaq Quzey Azərbaycandaki dövlətimizin ərazi bütövlüyündən gedir. Bütöv Azərbaycan ərazilərinin müstəqil bir dövlət kimi formalaşması üçün zaman lazımdır. Quzeydə və Güneydə gedən ptoseslər tarixi perspektivdə bəzən oxşarlıq, bəzən isə tamamilə zidd mahiyyətdə olmuşlar. Güney Azərbaycanda təkcə 20-ci əsrdə dörd dəfə kütləvi etiraz və inqilabi hərəkatlar olmuşdur. Onlardan ilk ikisi tarix baxımından Quzeydəki proseslərlə paralel, son ikisi isə tamamilə ayrı bir müstəvidə baş vermişdir. Bunun əsas səbəbi isə 20-ci əsrin 20-ci illərindən sonra Quzeyin qırmızı şər rus imperiyasının, Güneyin isə pəxləvi və klerikal farspərəst imperiyanın tərkibində olmalarıdır.
20-ci əsrin sonunda xalqımızın Quzeydəki hissəsi sovet rus imperiyasının çöküşü ilə müstəqillik qazansa da, Güneydə yaşayan xalqımız üçün istiqlal indilik əlçatmaz kimi görünür. Ancaq, yadmıza salaq ki, 31 dekabr Həmrəylik ruhu o taylı-bu taylı xalqımızın ortaq məhsuludur. Hətta 44 gün davam edən 3-cü Qarabağ müharibəsi də Güneydən təsirsiz ötüşmədi və orada yaşayan xalqımızın ruh yüksəkliyinə səbəb oldu. Sadəcə tarixin bir şanssızlığı olaraq gördüyümüz disharmoniyadan dolayı Güney ayaqda olanda Quzey, Quzey ayaqda olanda Güney “yatırdı”. Deməli, bütün məsələ hədəflərimizin, hərəkatlarımızın, əməllərimizin və addımlarımızın sinxronizasiyasıdır. Təbii ki, Quzeydə varolan dövlətimizin hərbi-siyasi kursu ətrafında sıx birləşərək səylərimizi koordinasiya edərsək, xəyalımız hədəfimizə çevrilər və qısa zamanda məqsədimizə çatarıq.
Bununla belə, Quzeydə qələbə ilə tamamlanan müharibə göstərdi ki, artıq dirçəlmişik və bundan belə öz sözümüzü deməyə və onun arxasında durmağa real gücümüz var. Beləliklə də, Azərbaycan xalqı tamamilə yeni bir dövrə - Yüksəliş dövrünə qədəm qoymuşdur. Bu dövr İstiqlal Mübarizəmizin dördüncü mərhələsidir. Bu dövrün səciyyəvi xüsusiyyəti Azadlığımıza və Müstəqilliyimizə təhlükə yaradan xarici faktorlar ilə yanaşı daxili faktorlar ilə də mübarizə aparılmasının vacibliyidir. Belə ki, müstəqil dövlət quruculuğunun ilk 30 illik dövründə yeni prinsiplərlə qurulmuş ordunun və digər güc strukturlarının formalaşdırılması, makro-iqtisadi göstəricilərin müsbət dinamikası və pul-maliyə ehtiyatlarının yetərli miqdarı Azərbaycan xalqının xarici təhlükələrə və beynəlxalq çağırışlara qarşı dirənişinin qarantıdır. Demək olar ki, Azərbaycanda güclü dövlət qurulub və daha da güclənməkdədir. İndiki mərhələdə isə güclü dövlət ilə yanaşı güclü vətəndaş cəmiyyətinin qurulmasına nail olmaq lazımdır.
Cəmiyyətin inkişaf səviyyəsi onun hər bir üzvünün inkişaf səviyyəsinə düz mütənasibdir. Yüksəliş də belədir: fərd yüksəlmirsə, cəmiyyət və dövlət də yüksələ bilmir. Bu mənada Azərbaycanda elə bir ictimai-siyasi və hüquqi mühit olmalıdır ki, hər bir fərd özünün istənilən sahədə yüksəlişinin perspektivlərini görə bilsin. İnsanlar öz inkişaf hekayələrini ölkənin inkişaf tarixi ilə birlikdə görə bilsələr, Yüksəlişə nail olmaq mümkün olacaq.
Milli Yüksəliş dövrünün vacib atributları aşağıdakılardır:
1 – Milli İdeya
2 – Milli Hədəf
3 – Milli Kimlik
4 – Milli Dövlət
5 – Milli Hökumət
6 – Milli Təhsil Konsepsiyası
7 – Milli İncəsənət Konsepsiyası
Bu atributların hər birini ayrı-ayrılıqda və hamısını birlikdə yaşatmalı olan qüvvə Milli Kadrlardır. Onların birliyi, təşkilatlanma səviyyəsi, komanda olaraq fəaliyyət göstərmə bacarıqları, milli olduqları qədər də peşəkarlıqları həlledici əhəmiyyətə malikdir. Milli Kadrların kimdənsə nəyisə gözləməsi və umması əbəsdir. Əslində, xalq zümrələri onlardan nəsə gözləyir və umur. Xalqın Milli Kadrlardan tələbi və istəyi onlara, yəni hər bir vətəndaşa, fərdi inkişafını təmin edəcək Yüksəlişi gerçəkləşdirməkdir.
Milli Kadrların birliyinin formalaşması yalnız Milli İdeya ətrafında mümkündür. Başqa heç bir şəkildə buna nail olmaq mümkün deyil. Azərbaycanda azad cəmiyyət, adil hüquq sistemi və demokratik siyasi mühit quruculuğu ilə ərazi bütövlüyümüzün təmin edilməsi Milli Yüksəliş yolunun varmaq istədiyimiz Hədəf kimi başadüşülməlidir. Hər bir azərbaycanlı özünü bu yolun içində görməli və Milli Kimliyinə sarılmalıdır. Milli Hədəf bizim hamımızı Milli Dövlət quruculuğunda birləşdirən dəyərdir. Lakin, bu mərhələdən sonra ümumxalq səyi ilə yaradılan Milli Dövlətin əbədi yaşaması üçün onu milli maraqlara uyğun idarə edən Milli Kadrlardan ibarət bir hökumətin qurulması lazımdır.
Bir xalqın qurduğu dövlətin şəkli Cümhuriyyətdir. Ona görə də, kimin hökumət olacağına seçici qərar verməlidir. Hər bir vətəndaş Milli Təhsil və Milli İncəsənət tədrisindən keçməlidir ki, seçici kimi Milli Hökuməti formalaşdıran qüvvələrə, yəni Milli Kadrlara səs versin. Dünyagörüşü və mənəvi aləmi Milli Dəyərlər ilə formalaşmış vətəndaş, sözsüz ki, Milli Kadrları tanımaqda və dəstəkləməkdə tərəddüd etməyəcəkdir.
Milli Kadrlar ilə cəmiyyətin mütərəqqi qüvvələrinin vəhdətindən yaranan Milli Qüvvə ölkənin daxili siyasətinin gündəliyində duran məsələləri milli mənafeyə uyğun çözəcək, xalqın həyatına aid hər sahədə davamlı və dönməz inkişafını təmin edəcəkdir.
Milli Kadrlardan ibarət hökumətin əsas fəaliyyət istiqamətləri aşağıdakı kimi olmalıdır:
1 – Milli Dəyərləri əsas götürən Açıq Cəmiyyətin formalaşması;
2 – Siyasi plüralizmi əsas götürən Demokratik Dövlətin qurulması;
3 – Bu iki hədəf uğrunda çalışan Azad Fərdin yüksəlişi.
Biz vətəndaşlarımıza hər sahədə öz yaradıcı potensiallarını gerçəkləşdirmək, bilik və istedadlarını tətbiq etmək, maraq və hədəfləri istiqamətində birlikdə çalışmaq, qorxmadan, çəkinmədən mövqe bildirmək üçün şərait yaratmalıyıq ki, onlar fərdi yüksəlişlərini reallaşdıra bilsinlər. Onların Fərdi Yüksəlişi isə nəticədə Milli Yüksəlişimizin davamlı və dönməz xarakter almasına təminat vermiş olacaq.
Məramımız Yüksəlişdir!
Milli dövlətçiliyin məramı, yəni son hədəfi Yüksəliş olmalıdır. Milli Dirçəliş mərhələsi ancaq son hədəfə çatmaq üçün növbəti mərhələ olaraq görülməlidir. Aydındır ki, Milli Dirçəliş mərhələsinin özünəməxsus dövrü kompleks tədbirləri və icraatları olmalıdır. Bunlardan biri siyasi sabitliyin formalaşmasında hər bir vətəndaşın fəal iştirakını təmin etməkdir. Təmin etmək deyəndə biz sadəcə şərait yaradıb passiv şəkildə oturub kifayətlənməyi nəzərdə tutmuruq. Xalqın öz taleyinə və aqibətinə laqeyd qalmaması üçün geniş zümrənin ölkənin siyasi həyatında fəal iştirakını təşkil etməyi nəzərdə tuturuq. Bir başqa ifadə ilə desək, minlərlə vətəndaşımızı partiya üzvü olmağa dəvət edirik.
Cəmiyyətin daxilində yaşanan problemlər əgər kütləvi xarakter daşıyırsa, heç nədən çəkinmədən deyə bilərik ki, bu problemlərin kökü siyasi xarakterlidir. Belə məsələləri biz siyasiləşdirsək də, siyasiləşdirməsək də fərqi yoxdur – məsələnin həlli siyasi müstəvidədir.
Elə isə şüar “Hamı siyasətlə məşğul olsun!” kimi səsləndirilməlidir. Hər bir vətəndaş siyasətin içində olduğunu dərk etməli, passiv müşahidəçi statusundan qurtulub, aktiv qərarverici statusa keçməlidir. Bunun üçün isə mütləq partiyalardan birinə üzv olmalıdır. Belə partiyalardan biri bizim partiyadır. Əfsuslar olsun ki, ölkənin indiki mərhələsində individual şəkildə fəaliyyət göstərən siyasi fəallardan cəmiyyətə lazım olan siyasi uğur gözləmək əbəsdir. Belə dövrlərdə siyasətdən kənar və siyasətdən “üstün” intellektualların siyasi proseslərdə yeri və rolu elə də əhəmiyyətli və təsirli olmur.
Azərbaycan Yüksəliş Partiyasının qurucuları bu minvalla Milli Hədəf ətrafında birləşərək, Azərbaycanın bütün sahələrdə yüksəlişini təmin etmək üçün aktiv siyasi fəaliyyətə qərar vermişlər. Partiyanın əsas məramı Milli Yüksəliş yolunda cəmiyyətimizin sağlam qüvvələrinin on minlərlə nümayəndəsinin şəxsi iradəsini və seçimini bir məxrəc altında birləşdirmək və bu birləşmədən yaranan Milli Qüvvəni bütün cəmiyyətə xidmət etməsi üçün iqtidara aparmaqdır.
Belə bir siyasi əhval-ruhiyyə ilə yola çıxmaq üçün vaxt yetişib. Daxili problemlərimizin həll edilmədən qalaraq dərinləşməsi və genişlənməsi təhlükəsinin qarşısı alınmalıdır. Çünki, həllini tapmayan problemlər sanki qanqrena kimi yayılıb cəmiyyətin bütün orqanizmini sarıb məhvə apara bilər. Buna yol vermək olmaz. İndi birlik zamanıdır! İndi fəallıq zamanıdır! İndi seçim zamanıdır! Azad iradəmizlə azad seçimimizi etməli, bir partiya daxillində birləşməliyik.
Milli Yüksəlişimizin qurucusu da, keşikçisi də bizik. Fərdi Yüksəlişinizi biz təmin edəcəyik. Bunun üçün isə hamımız birlikdə fəaliyyət göstərməliyik. Yalnız bu şəkildə Milli İstiqlalımızın dönməzliyini təmin edə bilərik.
Hər bir millətin taleyində elə məqamlar olur ki, həmin vaxt Milli Hədəf bu və ya digər ideya olur. İndi Milli Hədəfimiz Milli Yüksəliş olduğu üçün, elə bir peşə və ya sənət yoxdur ki, bu yolda əhəmiyyətli olmasın. Milli musiqimizdən əl sənətlərinə qədər, milli fəlsəfəmizdən ədəbiyyatımıza qədər, milli idman komandalarımızdan milli ordumuza qədər, Milli Məclisimizdən Milli liderlərimizə qədər – indiyə kimi hər kəs və hər şey əslində Milli Yüksəliş prosesinin bir parçası kimi başa düşülməlidirlər.
Azərbaycan Yüksəliş Partiyasının vəzifəsi hər bir Azərbaycanlının ictimai-siyasi proselərdə aktiv yer almasına şərait yaratmaq, məramı isə Milli Qüvvələrə rəhbərlik edərək Yüksəlişə nail olmaqdır.
Bizim məramımız Ulu Xalqımızın aruzudur.