AZƏRBAYCAN YÜKSƏLİŞ PARTİYASININ
PROQRAMI
I. PARTİYANIN ƏSAS İDEOLOJİ PRİNSİPLƏRİ
Azərbaycanda demokratik institutların formalaşması, cəmiyyəti narahat edən problemlərin çözülməsi məqsədilə onlarla siyasi partiya və yüzlərlə qeyri-hökumət təşkilatı yaradılıb. Buna baxmayaraq, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir. Artıq Azərbaycanda yeni təfəkkürə sahib parlaq nəsil yetişməkdədir. İnanırıq ki, Azərbaycan siyasi məkanında formalaşmış müsbət ənənələrə sadiq qalmaqla dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur.
Ölkəmizin yüksək siyasi şüura sahib, sağ mərkəzçi, demokratik prinsiplərə sadiq, aktiv ictimai-siyasi şəxslərin baxış və niyyətlərinin birləşdiyi Azərbaycan Yüksəliş Partiyasının əsas ideoloji prinsipləri aşağıdakı kimidir:
1. Vətəndaş Milliyyətçiliyi.
Hər bir yeni dövlət vətəndaşların birliyində və bərabərliyindən güc alır, inkişaf edir. Yəni, dövlət demək vətəndaşların birliyi deməkdir. Liberal dəyərlərin tüğyan etdiyi biz zamanda vətəndaşların bir-birindən fərqli dəyərlərə bağlı olmaları normal hal alıb. Yalnız, yeni yaranmaqda olan dövlətlərin vətəndaşları fərqli dəyərləri bir xətt üzrəində sistemli şəkildə yaşatmağı öyrənməlidirlər. Yəni, vəyəninə, dövlətinə, millətinə sədaqət və təmənnasız xidmət həmin əsas xətt olmalıdır. Bunun adı Vətəndaş Millliyətçilliyidir.
2. Parlamentar respublika idarəçiliyi.
Ölkə vətəndaşları özlərini monarxiya təbası kimi hiss etməməlidirlər. Bunun üçün onlar dövlətin idarəetmə strukturlarının formalaşmasına həm qərar verməlidirlər, həm də nəzarəti öz əllərində saxlamalıdırlar. Bu mənada, vətəndaşların öz iradələrini bildirmələrinin ən doğru yolu seçkilərdir. Seçkilər xalqın əsas siyasi-ictimai və ideolojik bölgüsünün güzgüsüdür. Belə bölgünün ən qabarıq şəkildə görüldüyü yer parlamentdir. Qabaqcıl ölkələrin parlamentar respublika üsuli-idarəçiliyinin təcrübbəsi Azərbaycan üçün ən doğru yol olaraq görülür. Bu idarəçilik rejiminin ayrılmaz hissəsi proporsional seçki formatıdır. Azərbaycanda demokratik islahatların dönməzliyi bu idarəçilik prinsipinə bağlıdır.
3. Sosial ədalət.
Dövlətlərin əsas dirəyi ədalətdir. Ədalət ancaq cinayət və cəza müstəvisində başadüşülməməlidir. Ədalət hər şeydən əvvəl fürsətlər bərabərliyinin düzgün anlaşılmasıdır. Fürsətlər bərabərliyi təqdim edilən imkanların eynisi demək deyil. Hər bir vətəndaşın “start vəziyyəti” eyni olmadığı kimi, potensialı da eyni deyildir. Ona görə də ədalət hər şeydən əvvəl hər bir kateqoriya üzrə olan vətəndaşlara onların sağlığı, maddi vəziyyəti, əqli və fiziki potensialları və sosial cəsarətlərinə uyğun şəraitin yaradılmaısıdr. Sosial ədalət prinsipi olaraq gördüyümüz bu düşüncə tərzi dominant olarsa, cəmiyyətdəki sosial zümrələr arasında olan uçurum tezliklə yox olar.
4. Sosial Mühafizəkarlıq - dini, mədəni, etnik irsin qorunması.
İstənilən bir millətin tarixi zənginliyi onun dini, mədəni, etnik və bu kimi yüzillərlər formalaşan milli portretinin çalarlarından ibarətdir. Azərbaycan hər mənada monokultural deyil, polikultural ölkədir. Nəsillər arasında siyasi ideya bağlarının qorunub saxlanmasının əsas şərtlərindən biri mədəni bağların saxlanmasıdır. Geniş mənada mədəni irs dövlət tərəfindən qorunmalı və inkişaf etdirilməlidir. Ancaq, sadəcə dövlətin bu məsələ ilə əlaqədar fəaliyyəti kifayət etmir. Sosium özü də bu irsin daşıyıcısı olmalı və keşiyində durmalıdır. Sosial mühafizəkarlıq kimi təklif etdiyimiz bu prinsip gələcək nəsillərimizin vətəndaş milliyətçiliyi çərçivəsində tərbiyyə almaları üçün əsas faktorlardan biridir.
5. Sekulyarizm - dinin dövlət idarəçiliyindən ayrı olması.
Dünyəvilik kimi başadüşülən sekulyarizm prinsipi xalqların tarixində acı təcrübbələrin nəticəsində ortaya çıxmışdır. Dini siyasətə alət edənlər hətta öz dinlərindəki elmi tərəqqiyyə olan müsbət münasibəti gizlətmiş, tamamilə cahil və qafil nəsillərin yetişməsi üçün xurafatı din adı ilə cəmiyyətə təbliğ etmişdilər. Pozitiv elmlərin gerilədiyi, batil inancların rəvac gördüyü belə dövrlərdə elmsizlikdən dolayı xərtəliklər, dağıntılar, haqsızlıqlar tüğyan etmiş, milyonlarla insan həlak olmuşdur. Bu hadisələrin yaşanmaması və yaradanla yarananın arasında heç kimin dini alverlə məşğul olmaması üçün inanc sistemi siyasətdən ayrı olmalıdır. Dövlətin işi isə hər bir inanclı vətəndaşına onun vicdan azadlığının şərtlərini təmin etmək olmalıdır.
6. İrredentizm - tarixi torpaqların geri qaytarılması.
Dünyanın bir sıra xalqları bölünmüş, parçalanmış xalqlar olaraq tanınırlar. Lakin, bu xalqların arasında demək olar ki, ancaq Azərbaycan xalqı iki deyil, üç deyil, 4-5 yerə parçalanmış xalq olaraq bilinir. Bu parçalanma bir tərəfdən xalqımızın bir hissəsinin sürgünlərlə öz tarixi vətənindən uzaqlara sürgün edilməsi ilə olmuşdur, digər tərəfdən isə həmin tarixi vətən ərazisinin müxtəlif hissələrinin ətrafdaki aqressiv qonşuları tərəfindən işğal edilməsi ilə reallaşmışdı. Xalqımız o torpaqları heç vaxt unutmayıb, unutmayacaq. Onları heç kimə bağışlamayıb, bağılamayacaq. Elə isə istənilən siyasi qüvvə özünün siyasi prinsiplərindən biri olaraq irredentizm prinsipini qəbul və bəyan etməlidir. Çünki, bu prinsip sadəcə bir siyasi qrupun və ya hərəkatın deyil, harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının prinsipidir.
II. YÜKSƏLƏN AZƏRBAYCANIN YAXIN DÖVR ÜÇÜN YOL XƏRİTƏSİ:
TƏXİRƏSALINMAZ TƏDBİRLƏRİN ƏSAS MADDƏLƏRİ.
Azərbaycan Yüksəliş Partiyası ölkəmizin inkişafı üçün yaxın zaman ərzində cəmiyyətin və dövlətin bütün gücünü biraraya gətirərək təxirəsalınmaz islahatların keçirilməsinə nail olmaq fikrindədir. Bu tədbirlər Yüksəliş Partiyasının əsas Proqram maddələri olmaqla yanaşı, Azərbaycanın tarixi perspektivdə mümkün qədər tez bir zaman ərzində keçməsi zəruri olan yol xəritəsidir. Belə ki, təklif olunan Proqram maddələri yaxın zaman ərzində həyata keçirilməli olsa da, təsiri və davamlılığı baxımından uzun zaman boyunca tətbiq olunma xüsusiyyətinə sahibdirlər. Bir başqa sözlə, ölkəmiz tez bir zamanda bu islahatlara başlamalı, amma uzun müddət boyunca bu tədbirləri təkmilləşdirərək onların icraatına davam etməlidir. “Milli Yüksəliş Planı” adını verdiyimiz bu tədbirlər toplusunun maddələri aşağıdakı kimidir.
1. Demokratik cəmiyyət quruculuğu sahəsində.
Hər bir demokratik cəmiyyətin, obrazlı desək, təməl daşı azad insan faktorudur. Azad insan modeli bir çoxları tərəfindən fərqli şəkildə başadüşülə bilər. Biz inanırıq ki, Azarbaycana lazım olan azad insan modeli hər şeydən öncə azad seçim etmək üçün alternativləri olan insandır. Bu alternativləri ona cəmiyyət təqdim etməlidir. Cəmiyyət deyəndə istər ayrı-ayrı şəxslər, istərsə də dövlət və özəl qurumlar nəzərdə tutulur.
Belə bir cəmiyyət-fərd münasibətlərinin qurulması üçün aşağıdakıların reallaşdırılmasını nəzərdə tuturuq:
1 – orta və ali təhsil sistemində doqmalardan və önyarqılardan uzaq vətəndaş maarifçiliyinin tədris edilməsini təmin etmək;
2 – media sektorunda, xüsusi ilə yeni TV kanallarının açılması üçün lazım olan prosedurların yüngülləşdirilməsinə nail olmaq;
3 – anti-demokratik irsin davamı olan bir çox ideologiyaların təbliğini, reklamını, tədrisini qadağan etmək;
4 – insanların ortaq maraqlar və hədəflər ətrafında rahat şəkildə ittifaqlar yarada bilmələri üçün müvafiq qaununvericiliyin təkmilləşdirilməsinə nail olmaq;
5 – ölkənin bütün ərazilərində yüksək sürətli (fiber-optik) internet xətlərinin çəkilməsini təmin etmək;
6 – xarici dillərdə olan demokratik dəyərləri təbliğ edən ədəbiyyatın qısa zaman içində dilimizə tərcüməsini gerçəkləşdirmək və universitetlərin bütün fakultələrində məcburi dərs olaraq tədris etmək.
Totalitar sistemin izləri hələ də cəmiyyətimizdə hiss olunur. Bu izləri silmək üçün ən vacib məsələ demokratik sistemin bütün atributlarını cəmiyyətin ixtiyarına təkllif etməkdən ibarətdir. Ancaq bundan sonra cəmiyyətin hər bir üzvündən demokratik düşüncə və davranış tərzini gözləmək olar.
2. Milli Dövlət quruculuğu sahəsində.
Xalqımızın minillik dövlətçilik ənənəsindən yola çıxaraq deyə bilərik ki, istiqlalımızın qorunub saxlanılması üçün milli dövlət quruculuğu sahəsi hər bir siyasi partiyanın əsas fəaliyyət istiqamətlərindən biridir. Bir ölkənin qorunan sərhədləri olmasa, onun daxilində heç bir siyasi fəaliyyətdən danışmağa dəyməz. Ona görə də hər bir vətəndaş öz dövlətinin güclənməsini və inkişafını təmin etmək üçün çalışmalı, daim fəaliyyətdə olmalıdır.
Bu fəaliyyətin əsas istiqaməti isə birlikdə qurduğumuz dövləti yad ünsürlərin və anti-milli qüvvələrin pəncəsinə keçməkdən qorumaqdır. Bizim aruladığımız və uğrunda mübarizə apardığımız cəmiyyətdə bu sahədə əsas yeniliklər bunlar olacaq:
1 – milli ruha və şüura sahib peşakar kadrlara üstünlük veriləcək;
2 – xalqımızın mənəvi irsinin tədrisinə daha çox vaxt ayrılacaq;
3 – dövlət qulluğu və hərbi qulluq milli şərəf mərtəbəsinə yüksəldiləcək;
4 – dilimizdə təhsillin kifayət qədər güclənməsi üçün xarici dildə təhsilə (özəllər xaric) son qoyulacaq;
5 – dövlət dillini bilməyənlərin dövlət strukturlarında işləməsinı icazə verilməyəcək;
6 – Milli Azadlıq Hərəkatının tarixini işıqlandıran filmlərin istehsalına, kitabların yazılmasına təkan veriləcək;
7 – radio və televiziya kanallarında milli düşüncəyə yad fikirlərin yayılmasının qarşısı alınacaq.
Əlbətdə ki, bu məqsədlərə çatmaq üçün qadağalar və yasaqlar metodundan ziyadə, təbliğat və təşviqat üsullarına əl atmaq doğru olar. Cəmiiyyət milli dövlətçililk təəsübünün hər bir milli düşüncəli insanın özündən başladığını anlamalı, qavramalı, mümkün qədər millətimizə yad olan siiyasi və ideoloji axınlardan uzaq qalmalıdır.
3. Daxilli siyasətin əsas istiqamətləri
Siyasi münasibətlərin əsasən hüquqi şəxslər olan partiyalar arasında cərəyan etməsini istəyiriksə, o zaman hər şeydən əvvəl Siyasi Partiyalar haqqında Qanunu daha mütərəqqi formada təkmilləşdirməliyik. Partiyaların təsis edilməsindən maliyələşməsinə, kollegial idarə olunmasından bloklar halında ittifaqlar qurmasına, ümumrespublika televiziya kanallarına yollarının tam açılmasından xarici siyasi qüvvələrlə sərbəst şəkildə əməkdaşlıqlarına qədər hər bir sahədə yeniliklər gətirilməlidir.
Digər bir məsələ isə ölkənin mərkəzi və yerli seçkili orqanlarında təmsil məsələsidir. Azad seçki, tək partiyanın inhisarının ləğvi, demokratiyanın imitasiyası kimi zərərli ənənələrə son verilməlidir. Biznes dünyası siyasi partiyalarda təmsil olunduqları üçün təqib olunmamalıdırlar. Partiyaların maddi qaynaqları uydurma bəhanələrlə boğulmamalıdır.
Ona görə də daxili siyasətdə əsas görüləcək tədbirlər belədir:
1 – məhkəmələrin azadlığını təmin etmək və azad vəkillik fəaliyyətini dəstəkləmək;
2 – seçkilərin şəffaf və dürüst keçirilməsini təmin etmək üçün seçki komissiyalarının fəaliyyətini təkmilləşdirmək;
3 – dövlət idarəetmə orqanlarının əsas vəzifələrinə kadrları ancaq imtahan yolu ilə təyinatla götürmək və son müsahibə mərhələsini ləğv etmək;
4 – mərhələli şəkildə prezident üsul-idarəsindən parlamentar üsul-idarə rejiminə keçmək;
5 – parlament seçkilərində əsasən proporsional sistemin istifadəsinə nail olmaq;
6 – hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai nəzarəti gücləndirmək.
Qeyd olunan tədbirlər kompleks şəkildə həyata keçirilməli, lazım olarsa, Konstitusiya dəyişikliyi üçün referenduma getməkdən belə çəkinməməliyik.
4. Yerli özünüidarəetmə sahəsində
Müasir çağın inkişaf etmiş ölkələrində idarəetmədə əsas ağırlıq mərkəzi orqanların öhdəsindən alınır və yerli özünüidarəetmə orqanlarına verilir. Lakin, bu proses güclü yerli icma təəsübkeşliyi olan millətlərin dövlətlərində müvəffəqiyyət qazanır. Əfsuslar olsun ki, biz bir xalq olaraq yerli icma həmrəyliyi məsələsində elə də uğur qazanmamışıq. Buna baxmayaraq, bəzi məsələlərdə artıq inkişaf var və bu məsələlərdən yola çıxaraq yeni addımlar atmaq olar.
Belə məsələlərən biri və birincisi bələdiyyə seçkilərinin keçirilməsidir. İkincisi isə, partiyaların yerlərdə geclənməsini arzulayan insanların sayında hiss edilən artəmdər. Üçüncü və önəmli məsələ isə yerli icma proqramlarının və ictimai birliklərinin gedərək çoxalmasıdır.
Bütün bunlar və bu kimi məsələlər, əlbətdə ki, kifayət etmir. İlk növbədə aşağıdaki yeniliklər həyata keçirilməlidir:
1 – yerli icma proqramları üzrə dövlət qrantlarının məbləği və miqdarı artırılmalıdır;
2 – bələdiyyə seçkiləri zamanı partiyalardan olan siyahıların daha mütərəqqi üsul olduğuna dair təbliğat genişlənməlidir;
3 – bələdiyyə sədrləri birbaşa qaydada seçilməlidir;
4 – bələdiyyələrin beynəlxalq qurumlarla əməkdaşlığına olan məhdudiyyətlər aradan götürülməlidir;
5 – mərkəzi büdcədən yerli büdcələrə və bələdiyyələrə ayrılan vəsaitlər artırılmalıdır;
6 – bələdiyyələrin iqtisadi fəaliyyətinə dair ticari əhəmiyyətli işlər siyahısı genişləndirilməlidir;
7 – bələdiyyələrə bağlı məktəblərin, TV-kanalların, müəssisələrin sayı artırılmalıdır;
8 – yerli icra hakimiyyəti orqanlarının bir sıra funkisyaları və səlahiyyətləri ancaq bələdiyyələrə verilməlidir.
Beləliklə, bir çox parametrlərə görə bələdiyyələrin inkişaf etməsi nəticədə insanlarda yerli idarəetməyə meyli gücləndirəcək və bir çox məsələ elə yerlərdə həll olunacaq.
5. İqtisadi siyasət sahəsində.
Azərbaycan iqtisadiyyatının əsasını enerji daşıyıcıların istismarı, emalı, diversifikasiyası və satışı təşkil edir. Bir tərəfdən qısa müddət arzində ölkəyə böyük investisiyaların və neft pullarının gəlməsini təmin edən bu sahə, o biri tərəfdən iqtisadiyyatın digər qeyri-neft sahələrinin inkişafdan qalmalarına səbəb olmuşdur. İndi dünyada cərəyan edən iqtisadi tənəzzül, böyümə templərinin aşağı düşməsi, enerji bazarında təklifin artması qiymətlərin aşağı düşməsinə səbəb olmuşdur. Buna görə də iqtisadi təhlükəsizliyimizi təmin etmək məqsədi ilə bir sıra tədbirlərin görülməsi vacibdir:
1 – qeyri-neft sahəsində fəaliyyət göstərmək istəyən işadamlarına faizsiz kreditlərin verilməsini;
2 – azad iqtisadi zonaların sayının və fəaliyyət spektrinin artırılmasını;
3 – gömrük tariflərinin məntiqi rasional həddə gətirilməsini;
4 – dövlət səviyyəsində milli brendlərin marketingi strategiyası və franşizasına yardımcı olunmasını;
5 – hər bir rayon üzrə ənənəvi İnvestisiya və Ticarət Forumlarının, iqtisadi zirvələrin təşkilini;
6 – yüksək texnologiya parklarının xarici investorlarla birlikdə qurulmasını;
7 – iqtisadi məhkəmələrin fəaliyyətinin ən mütərəqqi dövlətlərin standartlarına uyğunlaşdırmağı;
8 – bank və maliyə sahəsində inhisarın ortadan qaldırılmasını təmin etməliyik.
Bu məsələlər ilə əlaqədar sahibkarlarla işçilər arasında olan münasibətləri də mütləq gözdən keçirmək və hər iki tərəfin ortaq məxrəcdə mənfəətinə uyğun çözümlər tapmaq lazımdır. Azad həmkarlar ittifaqlarının yaradılması və fəaliyyətinə rəvac verilməsi istər bu sahədə, istərsə də demokratik cəmiyyətin qurulması sahəsində vacib məsələlərdən biridir.
6. Aqrar siyasət və qida təhlükəsizliyi sahəsi.
Ölkəmizin təbii şəraiti imkan veiri ki, biz nəinki özümüzü əsas kənd təsərrüfatı məhsulları ilə təmin edək, hətta bir çox xarici ölkələrə bir neçə məhsul üzrə ixracat liderinə çevrilək. Zeytunçuluq, fındıqçılıq, nar yetişdirmə və sitruslar üzrə Azərbaycan dünyada tək-tük ölkələrdəndir ki, bunların hamısına eyni anda sahibdir. Ancaq, bu sahələrin heç biri özünün heç beşdə bir qədər potensialına sahib deyil. Digər bütün sahələrdə də bu çatışmazlıq müşahidə edilir. Deməli, aqrar siyatəmizdə hər şeydən öncə təbiətimizin bizə verdiyi üstünlüklərdən yola çıxmalıyıq, pambıqçılıq, tütünçülük kimi zərərli sahələrdən uzaq durmalıyıq.
Nəzərə alsaq ki, qida təhlükəsizliyi dövlətimizin və xalqımızın ümumi təhlükəsizliyinin ayrılmaz və ən əsas hissəsidir, o zaman əsasən bu sahə üzrə strategiya müəyyənləşdrilməlidir. Beləliklə, bu sahədə bizim görəcəyimiz işlər aşağıdakı kimidir:
1 – kənd təsərrüfatı sahələrinə subsidiyaları artırmalıyıq;
2 – ekstensiv üsuldan intensiv üsula keçidi bütün sahələr üzrə tamamlamalıyıq;
3 – istixanaların dünya standartarına uyğun şəkildə texnologiyalarla kütləvi şəkildə qurulmasını təmin etməliyik;
4 – emal sənayesini ən nəhəng miqyaslara çatdırmalıyıq;
5 – kənd təsərrüfatı məhsullarının ixracını maddi olaraq təşfiq etməliyik;
6 – yüksək və orta təhsilli mütəxəssisləri yetişdirmək üçün xarici ölkələrin təhsil ocaqlarına dövlət hesabına gənc kadrları göndərməliyik;
7 – iri təsərrüfatların yaranmasını təşfiq etməliyik, bu məqsədlə aqrar sahələrdə çalışan kiçik və orta sahibkarların və istehsalçıların kooperativlər halında fəaliyyət göstərmələrinə dəstək olmalıyıq;
8 – aqrar rayonların əhalisinə hər mövzuda mərkəzi büdcədən dəstək olunmalıdır, kəndlərdə və qəsəbələrdə yaşayış standartları şəhərdəkinə maksimum yaxın hala gətirilməlidir;
9 – kənd əhalisinin maddi vəziyyəti daha da yüksək səviyyəyə çatdırmaq üçün ekoturizmin inkişafı üçün icma proqramlarından istifadə etməliyik.
Əlbətdə ki, iqtisadi, aqrar və inkişaf sahələrinin bir ümumi məxrəcdə birləşən strateji xətti var: Azərbaycan aqrar əhali payına getdikcə azaltmalı, əvəzində sənayedə çalışan və şəhərlərdə yaşayan əhali payını artırmalıdır. Bu günün şərtlərində lider ölkə olmanın düsturu bundan keçir. Bu mənada, aqrar siyasətimizin məqsədi kənd əhalisinin yoxsullaşmasının qarşısının alınması, buna paralel olaraq isə yeni sənaye müəssisələrinin yaradılmasını təmin etməkdir.
7. Sosial müdafiə və ədalət sahəsi.
Sosial sahənin iki əsas ünsürü var: sosial müdafiə və sosial ədalət. Baxmayaraq ki, bunlar bəzi məsələlərdə bir-birindən çox fərqli sahələri ehtiva edir, istənilən halda hər ikisi sosial sahə üzrə əsas siyasətin istiqamətləridir. Bu sahələr üzrə problemlərin həlli yollarını qısaca belə müəyyənləşdirə bilərik:
1 – təqaüdə çıxma yaşı çox yüksək olduğundan mütləq aşağı düşürülməlidir;
2 – analıq üzrə müavinatların alınması asanlaşmalı və məbləği artırılmalıdır;
3 – işsizliyə görə müavinatların məbləği ən azından minimum əməkhaqqına çatdırılmalıdır;
4 – bütün vətəndaşların tibbi sığorta sistemi qısa zamanda işə düşməlidir;
5 – “ailə həkimi” sistemi bərqərar olmalıdır;
6 – dövlət quluqçularının, müəllimlərin və tibb işçilərinin özlərinin və ailə üzvlərinin dərman üçün ödədikləri məbləğin ən az yarısı sığortadan ya da dövlət büdcəsindən qarşılanmalıdır;
7 – lüks vergisi vasitəsi ilə sosial zümrələr arasında fərq tənzimlənməlidir;
8 – hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə iştirakçılarınn hər sahədə imtiyazları təmin edilməlidir;
9 – bütün təhsil və tibb işçiləri dövlət qulluğu statusu almalıdırlar.
Sosial ədalət həm siyasi, həm də hüquqi aspeklərdən ən vacib məsələdir. Onun təmin edilməsi üçün işləyən və vergi ödəyicisi olan təbəgənin haqqını gözardı etməmək lazımdır. 5 günlük iş həftəsi, artıq iş saatlarına görə ikiqat maaşın verilməsi, karyera pilləkənləri üzrə sabit və qanunla tnzimlənən təminatlı yüksəliş – hər biri həll olunması vacib olan məsələlərdir.
8. Təhsil siyasəti və fəlsəfəsi sahəsi.
Bütün problemlərin təməlində savadsızlıq, cəhalət yatır desək, yanılmarıq. Bu səbəblə də istər orta, peşə vəya ali təhsil olsun – hamısı bir amala xidmət etməlidir: savadsızlığın ortadan qaldırılmasına. Bizim təhsil fəlsəfəmiz belədir ki, istənilən sahənin nümayəndəsi öz işinin peşəkarı olsun. Bunun üçün isə təhsil və tədris prosesi həm nəzəri, həm də praktiki təməllər üzərində qurulmalıdır.
Dövlətə məxsus təhsil ocaqlarında pullu təhsilin ildən ilə artması heç müsbət hal deyil. Bir tərəfdən isə dövlət büdcəsindən maliyələşın məktəblərdə əcnəbi dildə təhsil qəbuledilməzdir. Təhsilimizdə davam edən qarışıqlığa son verilməlidir. Ancaq aşağıda göstərilən addımlar atılarsa, təhsilimizin milliliyinə və səviyyəsinin yüksəkliyinə nail ola bilərik:
1 – büdcədən maliyələşən təhsil ocaqlarında ancaq dövlət dilimizdə təhsil verilməlidir;
2 – azad universitet sisteminə keçilməlidir və onların öz daxili rəhbərlik seçimi olmalıdır;
3 – yüksək elmi adların verilməsi səlahiyyəti AMEA-dan alınmalı və universitetlərə tanınmalıdır;
4 – xaricdə dövlət hesabına təhsil proqramları çox geniş və uzunmüddətli çəkildə davam etdirilməlidir;
5 – Azərbaycanda xarici universitetlərin filiallarınn açılması, yerli təhsil mərkəzlərinin təsis edilməsi proseduru asanlaşmalıdır;
6 – dünyada geniş istifadə olunan elmi qrant proqramlarının Azərbaycana gəlişi üçün kampaniya təşkil olunmalıdır;
7 – orta təhsildə ev tapşırıqları formatından imtina edilməlidir.
Bənzəri üsullar ilə biz təhsildə əzbərçiliyə, plagiata, haqsız qiymətləndirməyə və rəqabətə son verə bilərik. Təhsildə korrupsiyaya son verilməsini istəyiriksə, bu ancaq azad təfəkkürkü təhsil işçilərinin sosial-maddi təminatını artırmaqla və müəllimllik peşəsini hörmətedilən səviyyəyə gətirməklə mümkün olacaq.
9. Xarici siyasət və beynəlxalq münasibətlər sahəsi.
Dövlətimizin xarici siyasətinin əsas qayəsi bu günə qədər ərazi bütövlüyümüzü bərqərar etmək istiqamətində olmuşdur. İşğal olunmuş torpaqlarımızın geri qaytarılması ilə bu məsələ bir qədər sənqisə də, yenə də əsas xətt olaraq qalır. Belə ki, bundan sonra da hər birimiz ermənilərin bizə vurduqları ziyanın önların tərəfindən təzminatının ödənilməsinin təmin edilməsinə çalışmalıyıq. Ancaq, bununla yanaşı bir neçə məsələ də indi daha da aktual xarakter qazanıb və bu məsələlər xarici siyasətimizin strateji xətləri olaraq başa düşülməllidir:
1 - ən qısa zamanda Azərbaycan ilə Türkiyə arasında hərbi-siyasi ittifaqın və ya blokun yaradılması;
2 – bu ittifaqda digər müttəfiq ölkələrin, ayrıca da Türk Dünyasına aid ölkələrin təmsil olunması;
3 – xaricdə yaşayan soydaşlarımızla intensif formada çalışmaların artırılması;
4 – “Azərbaycanın Dostları” adlı Dünya Forumunun təsis edilməsi və dünya üzrə ofislərinin yaradılması;
5 – diplomatik korpusumuzda milli düşüncəli kadrların önə çəkilməsi;
6 – xarici ticarət sahəsində strateji müttəfiqlərimizə güzəştlərin tanınması;
7 – bir neçə dildə fəaliyyət göstərən AZERNEWS telekanalının açılması;
8 – BMT-nin rəsmi dillərindən biri kimi Türk Dilinin tanınması yolunda fəaliyyətin aparılması təmin edilməlidir.
Azərbaycan dövlət olaraq Güney məsələsini dünyada gündəliyə gətirə bilməsə də, biz xalq olaraq, xalqın ictimai və siyasi birlikləri olaraq bu məsələni özümüzün xarici siyasət xəttində gözardı edə bilmərik. İstər insan haqları, istərsə də milli haqlar prizmasından baxanda, Azərbaycanın parçalanmışlığına son vermək, bütövlüyünü təmin etmək siyasəti bütün beynəlxalq münasibətlərimizdə aparıcı xətt olmalıdır.
10. Milli təhlükəsizllik və hərbi doktrin sahəsi.
Yaşadığımız region təbii sərvətləri və coğrafi yerinə görə bir çox dövlətlərin maraqlarının kəsişdiyi məkandır. Bu mənada milli təhlükəsizliyimizi təmin etmək üçün bütün dövlətlərin burada maraqlarının nələrdən ibarət olduğu bilməli, öyrənməli və nəzərə almalıyıq. Yalnız, bundan öncə bizim həm milli, həm də həyati maraqlarımızın nələrdən ibarət olduğunu müəyyənləşdirməliyik. ancaq, bundna sonra bizim maraqlarımızın üstünlüyünü əldə əsas tutaraq kimlərin maraqları ilə üst-üstə düşdüyünü, kimlərin maraqları ilə isə toqquşduğunu müəyyənləşdirə bilərik.
İstənilən halda bizim təhlükəsizlik konsepsiyamız və hərbi doktrinimiz aşağıdakı maddələrə əsaslanmalıdır:
1 – eyni zamanda bir cəbhədə hücum apara bilən, digər cəbhədə də müdafiə oluna bilən bir orduya sahib olmaq;
2 – müharibə iştirakçılarımızdan yüksək maddi təminat əsasında peşəkar ordu birliklərini qurmaq;
3 – millli müdafiə sənayesi müəsisələrinin sayını artırmaq və məhsulunun ixracına nail olmaq;
4 – bir sıra dövlətlərin kəşfiyyat orqanlarının işini təhlil etmək və öyrənmək;
5 – Quzey ilə Güney arasında Gündoğandan Günbatana qədər Türk Təhlükəsizlik Qurşağının yaradılmasına nail olmaq;
6 – Bakıda mütəmadi olaraq qonşu və dost ölkələrin təhlükəsizllik stratejistləri ilə dəyirmi masalar təşkil etmək.
Azərbaycan özünün iqtisadi, insani və hərbi potensialını birləşdirərək mədəni səfərbərlik etməli, milli-mənəvi irsimizi dünyada bizə dost olacaq insanların sayını artırmağa istifadə etməlidir. Bu proses xarici ölkələrdə yaradılması uyğun görünən Azərbaycan Evləri, və ya Qarabağ Muğam Evləri vasitəsi ilə həyata keçirilməlidir. İçində kitabxananın, musiqi mərkəzinin, milli kulinariyaya aid güşənin olduğu belə komplekslər dünya ictimai rəyinə müsbət təsir göstərəcək, milli və dpvlət təhlükəsizliyimizə qarşı həmlələrin qarşısını almaqda bizə faydalı olacaq.
Azərbaycan Yüksəliş Partiyası özünün Məramnaməsi və Proqramı əsasında fəaliyyətini bir məsələni də nəzərə alaraq davam etdirəcək. Partiyanın mənafeyi heç vaxt ümummilli mənafeyin üzərində olmamalıdır. Xalqımızın və dövlətimizin ümumi inkişaf yolu hər birimiz üçün doğma və dəyərlidir. Buna baxmayaraq, doğru bildikərimizi təbliğ etmək haqqımız, yanlışları düzəltmək borcumuzdur. Proqramımız ölkəmizdə və dünyada baş verən dəyişikliklər hər zaman nəzərə alınaraq daha da təkmilləşəcək, yenilənəcək və ən optimal hala gətiriləcək. Bunun üçün isə Azərbaycanın bütün mütərəqqi insanları və qüvvələri ilə əməkdaşlığa hazır olmalıyıq.