Əziz Qurultay iştirakçıları,
Hörmətli media nümayəndələri,
Dəyərli xanımlar və bəylər!
Hər şeydən əvvəl hər birinizi salamlayır, Qurultayımızın yüksək səviyyədə keçməsi üçün göstərdiyiniz fədakarlıqdan dolayı hamınıza təşəkkür edir, Partiyamızın quruculuğu işində hər kəsə müvəffəqiyyətlər diləyirəm.
Keçdiyimiz aylarda torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibədə canından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Millətimizin, vətənimizin başı sağolsun.
Dəyərli dostlar, biz tam əminliklə deyə bilərik ki, millətləşmə sürəcində qarşımızda duran ən ağır problemi – Qarabağ münaqişəsini həll edərkən sanki yenidən doğulduq, böyüdük, bərkidik, gücləndik. Hər bir insanın həyatında uşaqlığın son günü, son gecəsi olduğu kimi, bəzi xalqlarda da buna bənzər vəziyyət var. Yox, elə bilməyin ki mən bu bənzətməni xalqımız üçün çəkirəm. Əsla. Bizim millətimiz yetkin və müdrik millətdir. Onuun minillik dövlətçilik tarixi, güclü ənənəsi var. Mən misalı ermənilər üçün çəkirəm. Bu il onların həyasızlığının, azğınlığının, cəzasızlığının, cinayətlərinin son ili oldu. İndi onlar ya bizim dediklərimizlə hesablaşmalı, ya da Qafqaz regionundan tamamilə rədd olub getməlidirlər. Əlbətdə ki, bizim onlarla işimiz bitməyib. Hüquqi və siyasi müstəvidə, xüsusi orqanların iştirakı ilə onların cinayətkar qondarma liderlərinin hər biri harada olmasından asılı olmayaraq tapılmalı və cəzasına çatmalıdır. Biz partiya olaraq bu istiqamətdə daha təkmil təkliflərimizlə yaxın zamanda çıxış etməliyik. Bu məsələ daim bizim gündəliyimizdə olmalıdır ki, bir daha heç kim cəsarət edib xalqımıza qarşı belə cinayətlər işləməyə cəhd etməsin.
Xanımlar və bəylə, postmüharibə dövrünün əsas xətti işğaldan azad edilmiş torpaqlarda quruculluq işlərinin sürətlə aparılmasının vaciblliyidir. Mən də bir çoxunuz kimi qaçqınlığın, köçkünlüyün necə bir dərd olduğunu bilərdənəm. Bundan dolayıdır ki, ata-baba yurdumuza tezliklə dönmək üçün səbirsizlənirəm. Lakin, Qarabağımızda müharibənin fəsadları hələ davam edir və bu bizə, arxa cəbhədə olanlara vaxt verir ki, oralara boş əllə qayıtmayaq, əlimizdə bir plan, bir yol xəritəsi olsun. Bunun ən gözəl nümunəsi ikinci dünya müharibəsindən sonra bir çox ölkələrin yenidən dirçəldilməsi üçün tətbiq olunan planlardır. Biz də torpaqlarımızda yenidən inkişafı, həyatıın bütün şən çalarlarını görmək istəyiriksə, mütləq yeni layihələr, təkliflər, konsepsiyalar hazırlamalıyıq. Mən əminəm ki, hər bir rayon üzrə investisiya fondu, ümumi Qarabağ üzrə yenidənqurma bankı, həmin ərazilərdə azad iqtisadi zonalar yaradılsa, torpaqlarına geri qayıdanların da işi asanlaşar, dövlətə də böyük yük düşməz. Biz partiya olaraq misal üçün 1. Zəngilan İnvestisiya və Ticarət Zirvəsi təşəbbüsü ilə çıxış edə bilərik və bu örnəyi digərlərinə də ötürərik. Qısacası, o torpaqlar bizi gözləyir. Hər gün oralara necə və nə vaxt qayıdacağımızı düşünməliyik.
Vətən müharibəsində qardaş köməyi olmadan qələbə qazanmağımız mümkün olmazdı deyə düşünürəm. Bu kömək üzünü mənəvi formada göstərdi. Ancaq bu belə bəs elədi ki, düşmənimizin müttəfiqləri üstümüzə gəlməkdən çəkinsinlər. Türkiyənin əsrlər sonra bölgəmizə qayıtması əlamətdar hadisədir. Bu həm də tarixi ədalətin bərqərar olmasıdır. İndi biz, Azərbaycan və Türkiyə həm Qafqazın, həm Xəzəryanı regionun, həm Yaxın Şərq ilə Qaradəniz hövzəsinin, həm də Ulu Türküstanın yenidən şəkillənməsinin, güclənməsinin və çiçəklənməsinin memarıyıq. Bu birlikdən qüvvət doğuldu, bu qüvvətdən ədalət çıxacaq. İndi partiya olaraq bu sahədə əsas işimiz Azərbaycan ilə Türkiyə arasında hərbi ittifaqın yaradılmasının vacibliyini ictimailəşdirmək və hökumətin gündəliyinəgətirməyə nail olmaqdır. Bu həm milli təhlükəsizlik məsələsidir, həm də müstəqilliyimizin və istiqlalımızın qarantıdır.
Əfəndilər, siyasi partiyaların bəziləri iqtidara gəlməyi özlərinin əsas məqsədi olaraq başa düşürlər. Ancaq biz gərək iqtidara gəlməyi məqsəd və hədəf kimi deyil, hədəflərimizə çatmaq üçün bir vasitə kimi görməliyik. Bizim arzularımız da, hədəflərimiz də, planlarımız da xalqımızın hər bir namuslu və qeyrətli üzvünün istəklərindən fərqli deyildir. Sosial rifah, müdafiə və ədalət, hüququn aliliyi və insan təməl haqq və hürriyətlərinin qorunması; azad fikrin təqib olunmaması; iman və inkar azadlığı; ölkə nemətlərinin ədalətli bölgüsü; şən uşaqlıq, təminatlı yetkinlik, qayğısı çəkilən ahıllıq; nəhayət, azad seçim və layiqli təyinat. Bir insanın və toplumun özünü xoşbəxt hiss etməsi üçün bu arzular elə də böyük bər tələb deyil. Bu arzuların qarşısında əngəl olanlar anlamalıdırlar ki, artıq dövran dəyişib, və xalq da, fərdlər də əvvəlki kimi deyillər. İndi onlar nə sitədikərini və istədiklərini necə əldə edə biləcəklərini yaxşı bililrlər. Bunun yolu təşkilatlanmaq keçir. Və bunun ən gözəl nümunəsini bu gün hamımız cəmiyyətimizə də, siyasilərimizə də, rsmilərimizə də göstəririk. Eşq olsun sizə. Varolun.
Hörmətli qurultay iştirakçıları, çıxışımın sonunda sizin adınızdan Qurultayımızın ərsəyə gəlməsində hər biri son dərəcə əzmkarlıqla çalışan dostlarımıza, gənclərimizə fəaliyyətərindən dolayı təşəkkür etmək istəyirəm. Onların yaşıdları müharibə meydanında tarix yazdılar. Həmin tarixi millətimizə unutdurmamaq işi isə bizim buradaki gənclərimizin çiynində bir vəzifədir. Əminəm ki, bizim də başlatdığımız işin layiqli davamçıları onlar olacaqlar. Onların hər birini təbrik edirəm. Yolunuz aydınlıq olsun, gənclər.
Eşq olsun xalqımıza. Varolsun millətimi. Yaşasın istiqlal. Yaşasın yüksələn Azərbaycan! Yaşasın istiqlal. Böyük M.Ə.Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” prinsipi ilə yola çıxmışıq.
O üzdən devizimizdə "Hürriyyət Havasını Tənəffüs Edək".
Yaşasın yüksələn Azərbaycan!