Azərbaycan Yüksəliş Partiyiasının loqosunda (emblemində) və bayrağında istifadə olunan simvollar və rənglər haqqında məlumat:
1 – Loqonun tam ortasında A, Y və P hərflərindən ibarət bitişik işarə (damğa) var. Bu hərflər qədim Göy Türk, Orxon-Yenisey daş kitabələrində istifadə olunan runik yazıların əlifbasının fontu əsasında dizayn edilmişdilər. Həmin hərfbirləşməsinin Türk dünyasının bir neçə (qurd, qartal, at, qoç, buğa) totemləri, boyları ifadə edən damğaları, yaşamı ifadə edən həyat ağacı ilə əlaqəsi var.
2 – Loqoda sarı rəngdə on bir dolunay və ağ rəngdə bir yarımay var. Hamısı birlikdə on iki bürclü Türk təqviminə işarədir. Yarımay yenidən doğuşu və dirçəlişi ifadə edir. Ay elementi həm də partiyanın qısaldılmış adını (AY Partiya) ifadə etməkdədir.
3 – Yarımay ilə səkkizguşəli ulduz Azərbaycan bayrağının simvolunu və Partiyamızın dövlətimizə və dövlətçiliyimizə bağlı olduğunu xatırladır.
4 – Əsas element olan damğanın ətrafındakı dolunayların düzülüşü Avropa Birliyinin ulduzlarının düzülüşünə bənzəməklə inkişaf istiqamətimizin və siyasi kursumuzun avrointeqrasiya strategiyası ilə sıx əlaqəli olduğuna işarədir.
5 – Bütün elementlərin və simvolların doqquzguşəli ulduzun içində olması onu göstərir ki, Ay Partiya millilik ilə müasirliyi vəhdət halında görür. Ulduzun doqquzguşəli olması isə Türk dünyasında olan iqlimlərin sayını, yaşam və həyat mənasına gələn doqquz ay ərzində yeni insanın, dolayısı ilə yeni siyasi partiyanın da doğuşunu, milli ornament olan butanı, birlik və bərabərlik mənasına gələn doqquz-oğuz ittifaqını bildirməkdədir.
6 – Loqoda istifadə olunan rənglərin də hər birinin mənası var.
Qırmızı rəng: doqquzguşəli ulduz sanki Azərbaycanın həndəsi fiqurla ifadə olunan xəritəsidir və qırmızı rəng ölkəmizin sərhədləridir. Bu mənada, Partiyamızın qırmızı çizgiləri ölkəmizin və xalqımızın qırmızı çizgiləri ilə eynidir fikri ifadə edilməkdədir.
Tünd göy rəng: loqonun daxilindəki tünd göy rəng sonsuz inkişafı, makrokosmosu, ruhaniliyi ifadə etməkdədir.
Sarı (qızılı) rəng: dolunayların sarı-qızılı rəngdə olması isə bolluğu (taxıl zəmilərinin rəngi), ən təmiz auranı, var-dövləti və iqtisadi inkişafı bildirməkdədir.
Ağ rəng: damğanın, yarımayın, səkkizguşəli ulduzun və bayraqdaki “Azərbaycan Yüksəliş Partiyası” yazısının ağ rəngdə olması isə mənəvi təmizliyi, nurlu sabahları, milli iradənin aliliyini ifadə etməkdədir.
Mavi rəng: AY Partiyanın bayrağı loqo, partiyanın adı və mavi rəngli fondan ibarətdir. Açıq səma, azadlıq, ucalıq mənasına gələn mavi rəng həm də sonsuza qədər yüksəliş deməkdir.